"Rəvan"ın baş məşqçisi Güvenç Kurtar Topaz Premyer Liqasının 28-ci turu çərçivəsində "İnter"ə qarşı keçirdikləri oyunu şərh edib. Futbolinfo.az xəbər verir ki, "aslanlar"ın türkiyəli çalışdırıcısı 3:0 hesabıyla bitən qarşılaşmadan sonra bunları söyləyib:
"İnter”i qələbə ilə təbrik edirəm, çox yaxşı oynadılar. Bu oyunu “Neftçi” ilə oyundan öncə sınaq kimi çalışdıq. Rəqibin iki cinah futbolçusu “Neftçi”də olduğu kimi hücum zamanı meydana daxil olur. Onların qarşısını ala bilmədik. Qapı dirəyindən dönən topumuz var idi. İkinci qolu buraxdıqdan sonra isə işimiz daha çətin oldu. Bütün gücümüzü kuboka yönəldəcəyik. Bundan sonrakı oyunlarda qələbə qazanmaq istəyirik. Kubokdan öncə “Sumqayıt” və “Qarabağ”la oyunumuz var. Çatışmazlıqları aradan qaldırmağa çalışacağıq. “Sumqayıt”ın son oyununu izlədim, əvvəlkindən çox fərqlənirlər. Hakimlərə təşəkkür edirəm, oyunu yaxşı idarə etdilər”.