“Qarabağ”ın müdafiəçisi Maksim Medvedevin futbolinfo.az saytına müsahibəsi
– “Qəbələ”yə də böyük hesabla qalib gəldiniz…
– Çox maraqlı oyun oldu. Belə havada oynamaq çətindi. Biz çoxdandı ki, belə meydanda futbol oynamamışdıq. Fikrləşdiyimizdən daha ağır oldu. “Qəbələ” bizi kubokdan kənarda qoymuşdu. İstəyirdik ki, daha güclü olduğumuzu sübut edək. Birinci hissədə bərabər oyun getdi. Demək olar ki, nə rəqibin, nə də bizim qol şanslarımız oldu. Amma ikinci hissədə hücuma daha çox atıldıq. Bəzi problemlər oldu. Ötürmələrdə səhvlərə yol verirdik. Bu, meydanın durumu ilə əlaqədar idi. Amma sonda qələbə qazandıq. Əsas 3 xaldı.
– Ardıcı 5 oyundu ki, böyükhesablı qələbə qazanırsız. Bu, sizdə arxayınlıq yaratmır?
– Yox, arxayınlıq yaratmır. Biz bu gün “Qəbələ” ilə heç-heçəyə də razılaşardıq. Çünki rəqib də güclü komanda idi. Belə meydanda heç-heçə olsaydı belə, yenə üzülməzdik. Amma çox yaxşı oynayıb, qalib gəldik.
– Barmağınız çıxdı. Bu, ciddidi?
– Yox, birinci hissədə barmağım çıxmışdı. Sağ olsun, həkimlər həll etdilər.
– Eyni şərtlər altında oynayırdız. Amma siz ötürmələri dəqiq verə bilsəz də, bu, rəqibdə çox pis alınırdı. Bu, sizin ustalığınızdan irəli gəlirdi?
– Məncə, bizim oyunçuların ustalıq səviyyəsi daha yaxşıdı. Biz “vur qabağ”a taktikası ilə oynaya bilmirik. Çünki hündürboylu, “vəhşi” futbolçularımız yoxdu. Bizim bir yolumuz var: ötürmələrlə oynamaq. Onu da bacardıq. Havanın belə olmasına baxmayaraq, biz oyunu istədiyimiz kimi qura bildik. Boş yerlər tapırdıq, qol vəziyyətləri yaradırdıq. Mən ikinci hissədə heç rəqibi 3-4 ardıcıl ötürmə etdiyini görmədim. Bütün topları irəliyə vururdular. Bütün hücumçularını meydana buraxdılar. Yannik Kamanan da girdi. Viktor Mendi, Yannik Kamanan və Daniel Subotiç – mən Azərbaycanda başqa belə hücum xətti tanımıram. Çox güclüdülər. Amma biz yenə də buna tab gətirdik və əvvəlcədən də hazır idik. Oyundan qabaq da baş məşqçimiz bizə tapşırıq vermişdi ki, 4 hücumçu ilə də oynaya bilərlər, hazır olun. Öhdəsindən gəldik və buna sevinirik.
– Sizi hələ də çempionluq münasibətilə təbrik edə bilmərik?
– Hələ tezdi. Bunu demək olmaz. 8 oyun toplamda 24 xal edir, amma biz rəqibdən cəmi 10 xal irəlidəyik. Demək olmaz ki, “Neftçi” hamını udacaq. Ya biz uduza-uduza gələcəyik. Amma ümid edirəm ki, hər şey belə davam edəcək.
– Bədavi Hüseynov Rəşad Sadıqovu lazımınca əvəzləyə bilir?
– Bədavini çoxdan tanıyıram. Şəxsən mən ona çox inanıram. Düzdü, Admir Teli və Ansi Aqolli ilə çoxdandı ki, birgə oynayırıq. Amma Bədaviyə də eyni dərəcədə güvənirəm. Çünki o, özünü sübut edib. Ona komandada çox güvənirlər. Artıq ona gənc yox, təcrübəli müdafiəçi kimi baxırıq.
ELSEVƏR