“İnter”in hücumçusu Baçana Sxadadze klub saytına müsahibəsində “Rəvan”la (3:0) matç barədə danışıb, qarşılaşmanın planlaşdırılan vaxtda keçirilməsinə mane olan pis hava şəraiti mövzusuna toxunub, komandanın mükafatlar uğrunda mübarizə şansları barədə fikirlərini açıqlayıb və digər suallara cavab verib. Futbolinfo.az sizi həmin müsahibə ilə tanış edir.
– Baçana, “Rəvan”la matç barədə nə deyə bilərsiz?
– Öncə bir qədər çətin oldu. “Rəvan”nın əsas məqsədi bizə oyunumuzu göstərməyə mane olmaqdan ibarət idi. Onlar bizə oyun tərzimizə uyğun oynamağa mane olmağa çalışdılar. Böyük hesaba baxmayaraq, deyə bilərəm ki, biz daha çox qol vura bilərdik. Rəqibin isə bir təhlükəli epizodu oldu, həmin anda da bizim bəxtimiz gətirdi.
– Oyun çox uzun alındı, çünki matçın 11-ci dəqiqəsində təxirə salınan qarşılaşma bir gün sonra davam etdirildi. Bu vəziyyət futbolçulara necə təsir göstərdi?
– Qeyd etdiyim kimi, dünənki oyunun əvvəlində bizə bir qədər çətin oldu. Axı bütün futbolçular bazar günü keçiriləcək matça köklənmişdilər. Ancaq matç təxirə salındı və oyunu davam etdirmək üçün daha bir gün bazada qalmalı olduq ki, bu da müəyyən mənada rahatsızlıq yaratdı. Psixoloji planda çətin idi, oyuna yenidən köklənməli olduq. Lakin uşaqlara halal olsun ki, toparlana və özlərini göstərməyi bacara bildilər.
– Amma razısız ki, oyunun təxirə salınması yaxşı ideya idi? Axı komandaların bazar günü meydanda keçirdikləri qarlı-çovğunlu 11 dəqiqəni futbol adlandırmaq olmazdı…
– Səmimi deyim ki, mən futbol meydançasında belə hava görməmişdim. Belə havada futbol oynanıldığını hətta televiziyadan da seyr etməmişəm.
– “Rəvan” üzərində qələbə “İnter”ə turnir cədvəlindəki yerini qorumağa imkan verdi. Ancaq qarşıda sizi 8 tur gözləyir. Necə düşünürsünüz, komanda məqsədinə və mükafat yerlərindən birini tutmağa nail ola biləcək?
– Bu 8 tur bütün komandalar üçün vacibdi. Hər növbəti oyun bizim üçün final oyununa bərabər olacaq. “Rəvan”la keçirdiyimiz son oyunda olduğu kimi, uğurla çıxış etməliyik. Futbolçular meydanda bütün güclərini qoymalıdılar. Nəyə qadir olduğumuzu nümayiş etdirməliyik.
– Mövsüm sona yaxınlaşır və bu mərhələdə oyunçularda tez-tez yorğunluq müşahidə olunur. Fiziki yorğunluqla yanaşı, həm də futbolçularda əksini tapan psixoloji yorğunluq da var. Bununla bağlı sizdə vəziyyət necədi?
– Komandanın ixtiyarında lazım olduğu təqdirdə bir-birini əvəz edəcək çoxlu oyunçu var. “Rəvan”la oyunda biz Cavadovsuz, Əmircanovsuz və digər futbolçularsız oynadıq. Bununla belə, zəruri nəticəni qazandıq. Əladı ki, komanda işini yerinə yetirir və uşaqlar layiqincə bir-birini əvəz edirlər. Son turlarda Mikel Alvaro komandaya çox kömək edir. Ümid edirəm ki, bundan sonra da belə davam edəcək. Mənə gəldikdə isə deyə bilərəm ki, hazırda özümü iki-üç tur öncəkindən daha yaxşı hiss edirəm. Qapını dəqiq nişan almadığım an olmuşdu və bu, müəyyən problemlər doğurmuşdu. Mən çox əsəbiləşirdim və buna görə oyunum alınmırdı. Lakin indi özümü daha yaxşı hiss edirəm.
– “İnter” artıq Azərbaycan Kubokundan uzaqlaşdı. Bunun həm mənfi, həm də müsbət tərəfləri var. Belə ki, komanda kubok qazanmaq şansından məhrum oldu. Ancaq kubokdan uşaqlaşmağınız komandaya tamamilə çempionat oyunlarına köklənməyə imkan yaratdı…
– “Neftçi” ilə cavab oyunundan sonra soyunma otağında bu oyunlar və ümumilikdə kubok barədə bütün söhbətləri yekunlaşdırdıq. Bundan başqa bir-birimizə söz verdik ki, çempionatda başladığımız işi sona çatdırmalıyıq.
– Qarşıda komandanı səfərdə “Simurq”la çətin oyun gözləyir. Zaqatalada keçiriləcək oyun barədə nə deyə bilərsiz?
– Düşünürəm ki, “Simurq” 6-cı yeri tutmasına baxmayaraq, ölkənin ən yaxşı komandalarından biridi. Onların sərgilədikləri futbol mənim çox xoşuma gəlir. Komanda bu oyuna yaxşı hazırlaşmalıdı. Axı bizi çətin matç gözləyir. Hər şey futbol meydanında həll olunacaq.