“Simurq”un hücumçusu Draqan Çeranın futbolinfo.az saytına müsahibəsi
 
– “Qarabağ”la oyun barədə nə deyə bilərsiz?
– Bu, bizim böyük qələbimizdi. Çempionatın ən yaxşı komandasına qalib gəldiyimiz üçün sevinirik. Bu qələbə üçün meydanda ürəyimizi qoyduq. Azarkeşlər də bizə kömək etdilər. Sevinirəm ki, onları şad etdik. Bu mövsüm 4 oyunun heç birində rəqibimiz bizi məğlub edə bilməyib. Bu, “Simurq” üçün əla nəticədi.
 
– Qələbə qolunun müəllifi siz oldunuz…
– Əlbəttə, belə bir qol vurduğum üçün şadam. Amma o qol bütün komandanın işinin nəticəsidi. Burada təkcə məni qeyd etmək olmaz.
 
–  “Qarabağ” 6 oyundu ki, “Simurq”a qalib gələ bilmir. Sizcə, bu, nəyin nəticəsidi?
– Bu, futboldu və hər cür nəticə gözləniləndi. Elə klublar olur ki, müəyyən komandalarla oyunu alınmır. Məsələn, biz 4 oyunun hamısında “Bakı”ya uduzmuşuq. Bu mövsümün ən güclü komandası isə “Qarabağ”dı. Amma biz onlara qarşı yaxşı oynayırıq.
 
– “Simurq” niyə avrokuboklar üçün mübarizə apara bilmədi?
– Biz bir neçə vacib oyunda xal itirdik. O xallara ehtiyacımız olduğu halda fürsəti boşa verdik. Amma ən azı dördüncülük üçün oynaya bilərdik.
 
– “Simurq” ötən mövsüm daha yaxşı təsir bağışlamışdı…
– Ötən mövsümü bilmirəm. Amma bu mövsüm biz yaxşı oynamışıq. Uğur bizim tərəfimizdə olsaydı, indi biz də avrokuboklar üçün mübarizə aparırdıq.
 
– “Qarabağ” artıq çempiondu. Sizcə, ikinci yerdə hansı komanda qərarlaşacaq?
– 2 klub ikinci yer uğrunda döyüşür – “Neftçi” və “İnter”. Hər şey mümkündü. İkinci pillədə başqa komanda da ola bilər.
 
– Sizcə, “Simurq” kubokda niyə mübarizəni dayandırdı? Bu turnirdən də Avropaya gedə bilərdiz…
– “Araz Naxçıvan”la oyunlar çətin oldu. Penalti "rulet"di. Uğursuzluqla üzləşdik və kubok da getdi.
 
– Sizcə, kubokun sahibi kim olacaq?
– İndidən nəsə demək çətindi. İki çətin oyun olacaq. Yarımfinal oyunları maraqlıdı. Hər şey ola bilər. Amma “Qəbələ”ni finalda görmək olar. Çünki onlar ilk oyunda çox yaxşı üstünlük qazanıblar.
 
– Sizin favaoritiniz kimdi?
– Bilmirən (gülür)
 
– Artıq mövsüm başa çatır. “Simurq”dan gedəcəksiz və ya qalacaqsız?
– Baxacağıq. Mövsüm başa çatsın, ondan sonra danışarıq. İndi nəsə demək çətindi.
 
– Təkliflər var?
– Var. Bir neçə nəfər mənə zəng edib. Amma mən birinci “Simurq”la danışacam.
 
– Təkliflər Azərbaycandandı, yoxsa başqa ölkədən?
– Başqa ölkələrdən. Azərbaycandan mənə təklif yoxdu.
 
– Ötən mövsüm başa çatdıqdan sonra “Simurq”u bir çox futbolçular tərk etdi. Bu mövsüm də eyni şey vaş verə bilər və bu, qarşıdakı mövsümə təsir edə bilər…
– Əlbəttə, heyətin çox dəyişməsi komandaya təsir edir. Komanda öz vacib futbolçularını saxlamalıdı. 2-3 lazım olan futbolçu da alınmalıdı və gələn mövsüm daha yaxşı olacaq. Biz bundan da güclü olacağıq.
 
– Gələn mövsüm “Simurq” avrokuboklar üçün oynaya bilər?
– Əlbəttə. Bizim bu mövsüm də şansımız var. Hələ ki, qalır.
 
– Zaqatalada oynamaq və yaşamaq çətindi?
– Bakıdan kənarda yaşamaq bir az çətindi. Amma oynamaq üçün pis deyil. Peşəkar futbolçu hər yerdə oynamalıdı. Biz burada yaşamağa da, oynamağa da öyrəşməliyik.
 
– Qarşıda “Qəbələ” ilə oyununuz var…
– Çox çətin olacaq. “Qəbələ” də yaxşı komandadı. Amma biz daha yaxşı oynayıb, növbəti qələbəmizi qazanmalıyıq.
 
ABBAS
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp