Sabah ölkə kubokunun yarımfinal mərhələsi çərçivəsində "Qəbələ" "Xəzər Lənkəran"ın qonağı olacaq. Futbolinfo.az xəbər verir ki, ilk matçda "Qəbələ" 3:0 hesabı ilə qalib gəlsə də, "Xəzər Lənkəran"ın asan təslim olmayacağı bəllidi. Saytımıza müsahibə verən "Qəbələ"nin vitse-prezidenti Fariz Nəcəfov komandanın şanslarını dəyərləndirməklə yanaşı, bir sıra maraqlı məqamlara da toxunub.
 
– İlk oyunda alınan sərfəli nəticə "Qəbələ"nin "Xəzər Lənkəran"la cavab matçındakı işinin asan olacağına zəmin yaradırmı?
– Bu, futboldu, hər şey ola bilər. Məşqçi ilə də danışmışıq. İnşallah, sabah hər şey məlum olacaq. Bilirəm ki, "Xəzər Lənkəran" da finala çıxmaq üçün əlindən gələni edəcək. Kim layiqdisə, o da finala adlayacaq. Birmənalı olaraq bizim üçün asan olmayacaq.
 
– "Qəbələ"nin finala adlaması, futbolçuların motivasiyasının yüksəldilməsi üçün rəhbərlik olaraq hansı tədbirləri görmüsüz?
– Adi tədbirlərdi. Futbolçular da oyunun məsuliyyətini dərk edirlər. Əlavə bir motivasiya yoxdu. Futbolçularla vacib söhbətlər aparılıb. Onlarla pul mükafatı barəsində heç nə danışılmayıb.
 
– Dünən İntizam Komitəsinin qərarları açıqlandı. Elnur Allaverdiyevin aldığı 5 oyunluq cəza ancaq kubok oyunlarına şamil olundu. Bu məsələyə sizin münasibətiniz necədi?
– Qərarın bu cür olması daha məntiqlidi. Kubok oyununda olan çempinat oyunlaırna şamil edilə bilməzdi. Kubok oyunun protokoluna yazılıbsa, elə eyni yarışa da şamil olunmalıydı. Müraciət etdik və haqlı olduğumuz qəbul olundu.
 
– Bu, ilk belə hal deyil. İntizam Komitəsi verdiyi qərarı bir həftə sonra dəyişir. Ümumiyyətlə, bu qərarsızlığı nə ilə əlaqələndirirsiz?
– Mən İK-in tərkibində olan adamları bir-bir tanımıram. Bilmirəm, orada ixtisasca hüquqi təhsilə malik olanlar var, ya yox. İK-in tərkibində ixtisasca hüquqşunas və hüquq təhsili olanlar olmalıdı ki, verilən qərarlar obyektiv olsun. Mən əsasnaməyə baxdım, klubun hər hansı bir nümayəndəsi hakimi və yaxud da başqa bir şəxsi ictimaiyyət qarşısında təhqir edirsə, o zaman 5 oyunluq cəza və 10 min manat cərimə olunur. Bilmirəm orada boşluq var, ya yox. Orada qeyd olunan maddələrdə göstərilmir ki, bu çempionat oyunlarına, ya kubok oyunlarına aiddi? Və yaxud da həmin hadisə jurnalistlər, yoxsa ictimaiyyət qaşısında olmuşdu? Bəlkə kimsə eşidib hakimə demişdi? Yəni, bütün bunlarla bağlı araşdırılmadan, obyektivlik olmadan qərar qəbul olunur. Bunlar mütləq şəkildə araşdırılmalıdı. Bu gün qərarı qəbul edirlər, sabah klub faktları ortaya qoyanda məcbur olurlar, verdikləri qərarı dəyişirlər. Bu da onların işinin qeyri-ciddiliyini göstərir. İşə məsuliyyətlə, obyektiv yanaşsalar, daha yaxşı olar.
 
– 10 min manatı Elnurun özünün ödəcəyi haqda xəbərlər nə dərəcədə düzgündü?
– Ola bilər ki, Elnur ondan da böyük məbləğə cəzalandırılsın.
 
– Elnur intizamsızlığa tez-tez yol verir. Ola bilər ki, komanda onun bu hərəkəti komandadan göndərilməsinə səbəb olsun?
– Elnurun bizimlə hələ bir illik müqaviləsi var. Bu barədə söhbətlərimiz olub. Düzdü, onun xarakterini dəyişmək çətindi. Ancaq buna məcburdu. Çünki o, ailəsi üçün pul qazanır.
 
– Yəqin ki, onun intizamsızlığının "Qəbələ"nin imicinə xələl gətirdiyini siz də qəbul edirsiz…
– Bu cür hərəkətlə təmsil etdiyi kluba ziyandı. Bu barədə Elnura da demişik. Bu, Elnurun son şansıdı. Mənə elə gəlir ki, bu şansı dəyərləndirməlidi. İnsan öz işinə məsuliyyətlə yanaşımırsa, uğur qazana bilməz.
 
– Aleksandr Çertoqanov "Qəbələ"dən AFFA-ya şikayət etmişdi. Futbolçu iddia edirdi ki, "Qəbələ"nin ona borclu qalıb. Həmin məsələ nə yerdə qaldı?
– O məsələ də həll olundu. Pulunu hələ almayıb, yəqin ki, alar.
 
– "Qəbələ" kubokla yanaşı çempionatda da mübarizəni davam etdirir. Premyer Liqada avrokuboklara vəsiqə verən yer uğrunda mübarizədə şanslarınızı necə dəyərləndirirsiz? Hələ də ümid var?
– Əlbəttə var. 5 oyunumuz qalıb. 3-cü yerlə 6 xal fərqimiz var. Həmin komandalarla oyunlarımız da var. Kifayət qədər yaxşı şansımız var. Düzdü, iki cəbhədə mübarizə aparmaq çətindi. Amma sabah kubok oyununda finala vəsiqə qazana bilsək, çempionat oyunlarına da yaxşı köklənəcəyik.
 
EMİN SƏFƏROV
Shares: