Futbol üzrə milli komandamızın və "Qarabağ"ın müdafiəçisi Maksim Medvedin futbolinfo.az saytına müsahibəsi
 
– 33-cü turda "Bakı" ilə qarşılaşacaqsız. Paytaxt klubu ilə oyuna hazırlıq necə gedir?
– "Neftçi" ilə oyundan sonrakı bərpa məşqinin ardından istirahətə buraxıldıq. Bu gündən artıq məşqlərimiz başlayacaq. "Neftçi" ilə heç-heçədən sonra bizə 3 xal lazımdı. "Bakı" ilə oyunda meydana 3 xal üçün çıxacağıq. İnanram ki, komanda yoldaşlarım da buna hazırdı. Bilirik ki, "Bakı" da son turlarda xal itkisi ilə üzləşib. Hazırda "Qəbələ" ilə turnir cədvəlində yerini dəyişib. Yenidən 4-cü pilləyə qayıtmaq üçün vuruşacaq. Ona görə də bizim üçün asan oyun olmayacaq. Fikrimcə, baxımlı futbol izləyəcəyik.
 
– Son iki turda cəmi 1 xal qazana bilmisiz. Komandada artıq arxayınlaşma gedir, yoxsa başqa bir səbəbi var?
– Yox, arxayınlaşma getmir, əksinə, çalışırıq ki, hər bir matçda dəqiq oynayaq. Çünki, rəqiblərimizlə yaxşı xal fərqi yartmışıq. Bunu qoruyub, saxlamalıyıq. Artıq üzərimizdə basqı var. Ona görə də bəzi futbolçular rahat oynaya bilmir. Başqa cür oyun nümayiş etdirir ki, 1 xal qazansa da, yaxşı nəticə olar.
 
– "Bakı"nın son turlarda uğursuz çıxış etməsi və psixoloji cəhətdən pis durumda olması "Qarabağ"ın işinə nə dərəcədə yarayacaq?
– "Bakı"nın klub olaraq ailəsində olan problemlər mənə bəlli deyil. Ona görə də rəqibin hansı vəziyyətdə olmasını dəqiq deyə bilmərəm. Bilirəm ki, "Sumqayıt"la heç-heçə oynadıqları üçün çox hirslidilər. Fikrimcə, öz oyunumuzu göstərsək, rəqibdən üç xal ala bilərik.
 
–  "Bakı" ilə oyunda məğlubiyyət və heç-heçə olsa, bu, "Qarabağ" üçün böyük zərbə sayıla bilərmi?
– Biz heç o barədə fikirləşmirik. Çünki meydana 3 xal üçün çıxacağıq. Başqa nəticələr haqda fikirləşmirik. Biz öz oyunumuzu göstərsək, bizə lazım olan 3 xalı qazanacağıq.
 
– Son turlarda "İnter" də inamlı təsir bağışlayır. Artıq "bankirlər"lə xal fərqiniz 8-ə enib. Kaxabar Sxadadzenin komandasını necə dəyərləndirsiz, ümumiyyətlə, "İnter"dən belə çıxış gözləyirdinizmi?
– "İnter" doğrudan da bütün futbol ailəsini təəccübləndirdi. Çempionat başlayanda 10-cu pillədə idi, indi isə bizdən 8 xal geridə, "Neftçi"dən isə 5 xal qabaqdı. Bu cür komandaya ancaq əhsən demək olar. Doğrudan da bəyəniləsi bir komandadı.
 
– "İnter"in uğurlu çıxışı və fərqin 8 xala enməsi "Qarabağ"da həyacan yaradıb?
– Hər şey öz əlimizdədi. Çalışırıq ki, 8 xallıq fərqi saxlayaq. "İnter"in çıxışı hazırda bizə maraqlı deyil. Çünki biz öz oyunumuzu oynasaq, artıq "İnter"in necə oynaması bizə maraqlı olmayacaq.
 
– Yəqin ki, hər bir futbolçu kimi siz də özünüzdə hesablamalar aparmısız. Sizcə, "Qarabağ" hansı turda çempionluğunu rəsmiləşdirə bilər?
– Bu, Allahın işidi. Düzdü, hesablama aparmışam. Ancaq bizim hələ "İnter"lə matçımız var. Hər şey həmin oyunda həll olacaq. Həmin oyunu da səbrsizliklə gözləyirik. Artıq biz də işimizi bilək. Qismət nədisə, o da olacaq. Növbəti turda "İnter" "Sumqayıt"la oynayır. "Sumqayıt" doğrudan da çətin rəqibdi.  Fikrimcə, "Sumqayıt"la oyun "İnter" üçün çətin olacaq. Onlar "Sumqayıt"la oyunda heç-heçə də edə bilər. "Qarabağ" öz xallarının hamısını qazansa, çempiondu.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp