Ləvəngi Cənub bölgəsinin mətbəxinin şah əsəridi. Bu regionun baş şəhəri olan Lənkərana gedib, ləvəngi yemədən qayıdana “yemədi getdi” desələr, yalan olmaz. Ləvəngi burada o qədər məşhurdu ki, burada bir çox yeri ləziz yeməyin adı ilə adlandırırlar. Elə Ləvəngi dairəsinə çatanda bilirsən ki, Lənkərana gəlmisən.
 
Ləvənginin də növləri var və onlardan ən məşhuru balıqdan hazırlanır. Xəzər sahilində olasan, oranın gözəl dəniz məhsulundan dadmayasan – mümkün deyil. Lənkəranlılar da balığı ləvəngi ilə calaq edib gözəl bir yeməyi qonaqlarına təqdim edir.
 
Amma çılğın cənubluların fantaziyasının həddi-hüdudu yoxdu. Böyük futbol Lənkərana qayıdanı burada ləvənginin də növləri artıb. İndi “Xəzər Lənkəran” mətbəxində rumın ləvəngisi hazırlanır. Pis olan odu ki, onu gərək bir il dəmə qoyasan və yalnız ilin sonunda ocaqdan götürəsən ki, heç olmasa, bir illik azuqən olsun. Bu ləvəngi tam bişməmiş qazanın ağzı açıldıqda dadı başqa olur. Məsələn, Cüneyt Biçərlə Yunis Hüseynov üçün hazırlanan rumın ləvəngisi yaxşı bişməmişdi, onun qalığını yeyən Con Toşak az qala zəhərlənəcəkdi. Uelsli üçün hazırlanan rumın ləvəngisi Mustafa Dənizlinin mədəsini pozdu. İndi məhz onun özü üçün sifariş edilən yemək isə Mirça Rednikə qismət olacaq.
 
Ləvənginin bu növünün hazırlanma metodu, resepti də fərqlidi. Əsl balıq ləvəngisi ilə Mustafa Dənizli üçün hazırlanan rumın ləvəngisini müqayisə etsək, bunu görərik. Yeni qidada iri kütümün əvəzinə parça torbadan istifadə olunur. Balıq ləvəngisinə 1 ədəd iri baş soğan, yarım stəkan qoz ləpəsi, 2 xörək qaşığı palçıq turşu, üstünə və içinə sürtmək üçün zövqə görə duz və istiot qatılırsa, rumın ləvəngisinə məşqçinin mədəsini qarışdıracaq intizamsızlıq zəqqumu, bilərəkdən məğlubiyyətlər həbi, onu azarkeşlərin və ictimaiyyətin gözündən salacaq qaraçı ovsunu qatırlar.
 
Şok məğlubiyyətlər zövqə görədi. Tarixi boyunca barmaqla sayılacaq qədər böyükhesablı yenilgi alan cənublular Toşakın britaniyalı damarlarına təsir etmək üçün istiotu bol etdi. Dənizlinin acı yeməkdə “ixtisaslaşmış” mədəsini korlamaq üçün isə dozanı daha da artırdılar. Deyəsən, “İnter”lə oyundakı 3-cü qoldan sonra Mustafa hocanın da immuniteti pozuldu və mədə ağrısından şikayətlənib Türkiyəyə müayinəyə yollandı. Orada isə “həkimlər” ona başa saldılar ki, yaşamaq istəyirsə, daha rumın ləvəngisi yeməməlidi. Çünki balıq ləvəngisində dəniz heyvanı yuyulursa, rumın ləvəngisində torbanı tozlu-tozlu qazana qoyurlar; balıq ləvəngisində soğanı ət maşınından keçirir, tənzifə qoyub suyunu yaxşıca sıxırlarsa, maşından keçirilmiş qozu, palçıq turşunu və zövqə görə duz-istiotu qarışdırırlarsa, rumın ləvəngisində kimdən gəldi 3-4 top buraxıb bir torbaya yığır və məşqçinin vicdanı üçün “depolayırlar”; balıq ləvəngisində sobanı 180˚C-dək qızdırırlarsa, rumın ləvəngisində adamın öz temperaturu bu həddədək qalxır; balığ ləvəngisində balığ içlə doldurulub mətbəx ipiylə tikilirsə, rumın ləvəngisində hətta azarkeşlər də bazaya bilərəkdən buraxılır ki, əllərində gətirdikləri kəndirlərlə torbanın ağzına düyün vursunlar.
 
Dənizli belə yeməyi qərib diyarda ac qalmamaq səbəbi ilə müəyyən müddət nuş etsə də, artıq sağlamlığının daha vacib olduğunu anlayır. Ağsaqqal kişidi, dünyada hər cür mətbəx görüb, indi durub ləvəngidən şikayət edəsi deyil ki. Onu qonaqlığa çağıranlara ədəb-ərkanla deyir ki, ailəsindən ayrı qalmaq istəmədiyi üçün Lənkəranı tərk etmək istəyir. Postunu isə rumın ləvəngisinin mazəmələrini göndərən Mirça Rednikə tapşırıb gedir. Ancaq dərd orasıdı ki, bundan sonra Adrian Skarlatake, Adrian Pit kimi rumınlar və klubdakı “rumınlaşanlar” daha rumın ləvəngisi bişirəsi olmayacaq. Axı, onlar özləri də bilir ki, toyuq, balıq ləvəngisi daha ləzzətlidi, rumını rumın ləvəngisi ilə zəhərləmək olmaz.
 
Yəqin “Xəzər”dən gedəni 3-4 klub dəyişən, amma hər zaman qulağı Lənkəranda olan Rednik yayda işə başlayan kimi yeni futbolçular axtaracaq və “aşpaz”ları da işlərini tullayıb top qovmağa çağıracaq. Belədə komandaya yeni yeməkbişirən lazım olacaq, yeni ləvəngi növləri icad etmək üçün.
 
P.S. Dənizli gedir, göndərilir, abırına qısılıb qaçır. Qalan 4 turda bəlkə, növbəti mövsümdə dəqiq “Xəzər Lənkəran”da olmayacaq. Amma onu uğursuz məşqçi kimi qələmə verməyək. Sadəcə, o, burada meydanətrafı oyunlardan salamat çıxa bilmədi, istədiyi dəstəyi görmədi. Gedib “Qalatsaray”ı, “Trabzonspor”u növbəti Türkiyə çempionu edəndə buna əmin olacaqsız. Amma günün rellığı odu ki, ya zəlzələdən, ya vəlvələdən – yemədi getdi.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp