5 oyundu ki, məğlubiyyətin nə olduğunu bilməyən "Sumqayıt" növbəti turda çempionluq yarışında şansını davam etdirən "İnter"in qonağı olacaq. Sumqayıt təmsilçisi növbəti turda da məğlubiyyətsizlik seriyasını davam etdirə biləcəkmi? Bu və digər sualları futbolinfo.az saytına müsahibəsində "kimyaçılar"ın çalışdırıcısı Aqil Məmmədov cavablandırıb.
 
– Növbəti turda "İnter"in qonağı olacaqsız. Komandada son durum necədi?
– Cəzalı futbolçumuz yoxdu. Uğur Pamuk zədəlidi. Ondan başqa bütün futbolçularımız məşq edirlər. Hazırlıqlarımız öz qaydasında davam edir.
 
– "Sumqayıt" son turlarda uğurlu çıxış edir. Komandanız 5 oyundu ki, məğlub olmur. Bunun sirri nədədi?
– Dekabrdan sonra komandadan 10-11 futbolçu getdi, bir o qədəri də gəldi. Yeni komanda idi. Tam uyğunlaşma olmadığı üçün nəticə qazanmaq çətin idi. Futbolçularım hər bir oyuna ciddi yanaşır. Komandaya yeni qoşulan uşaqlar da kömək edir. Heç bir futbolçu 1-ci diviziona düşməyimizi istəmir. Oyunlara ciddi yanaşırlar. Deyərdim ki, məğlub olmamağımızın səbəbi məhz bunlarla əlaqədardı.
 
– "Sumqayıt"ın artıq Premyer Liqada qalacaq futbolu sərgilədiyini demək olar?
– Mənə elə gəlir ki, Premyer Liqada qalmağımız 36-cı turdan sonra bilinəcək. "Rəvan" da mübarizəni davam etdirir. Bizim kimi, onlar da hər oyunda meydana qələbə üçün çıxırlar.
 
– Hər halda "Sumqayıt"ın 3 xallıq fərqi asan əldən verəcəyi inandırıcı görünmür…
– Əlbəttə. Bu fərqi sonadək saxlamağa çalışacağıq.
 
– "Neftçi" üzərində inamlı qələbədən sonra, "Bakı"nı 3 xaldan məhrum etdiniz. Demək olarmı ki, "Sumqayıt" iddialı komandalar üçün artıq başağrısına çevrilib?
– Biz hər bir oyunda qələbə üçün vuruşuruq. Uşaqlar da sağolsunlar ki, bütün göstərişləri yerinə yetirirlər. "Neftçi" ilə oyuna nisbətən, "Bakı" ilə oyunumuz zəif alındı. Düşünürəm ki, "Bakı"ya qarşı da başabaş oynadıq.
 
– Növbəti turda "İnter"lə qarşılaşacaqsız. Bu komandanı necə dəyərləndirirsiz, "bankirlər"ə qarşı hansı planınız var?
– "İnter" bizim üçün çətin rəqiblərdəndi. Mənim bəyəndiyim komandalardan biridi. Oyun nizam-intizamı ilə seçilən komandadı. Kompakt şəkildə oynayır, müdafiədə boşluqlara yol verməməyə çalışırlar. Buna baxmayaraq, çalışacağıq ki, onlardan da xal alaq. Mənim planım da meydanda görünəcək.
 
– Yəqin ki, ölkə çempionluğunun taleyinin sizin əlinizdə olmasından xəbərdarsız. Çünki "İnter" xal itirsə, "Qarabağ" da "Bakı"ya qalib gəlsə, artıq yeni çempion bəlli olacaq…
– Sözün düzü, biz "Qarabağ" çempion olsun deyə, "İnter"i saxlamaq haqda düşünmürük. Mən ancaq öz komandamın vəziyyətini fikirləşirəm. İndiki vəziyyətdə bizi öz komandamız maraqlandırır və uşaqları da oyuna belə kökləməyə çalışıram.
 
– Vaxtilə "Qarabağ"da çıxış etmisiz…
– Bəli.
 
– "Sumqayıt" "İnter"dən xal alsa, bunu Aqil Məmmədovun "Qarabağ"a hədiyyəsi kimi qəbul etmək olarmı?
– Deməzdim ki, mənim "Qarabağ"a hədiyyəm olacaq. "Qarabağ" çempion olsa, bu,  oradakı futbolçuların əziyyətinin bəhrəsi sayılmalıdı. Özləri ilboyu çalışıb, əziyyət çəkib buna nail olublar.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp