Bu gün Bakının Nəsimi rayonundakı 248 saylı orta məktəbdə U-15 Liqanın 2012/2013-cü il mövsümünün bombardiri, "Bakı"nın futbolçusu Sərxan Qaraşlının AFFA və Təhsil Nazirliyinin birgə layihəsi çərçivəsində mükafatlandırılma mərasimi keçirilib. Futbolinfo.az xəbər verir ki, tədbirdə əvvəlcə direktor Əsli Quliyeva çıxış edərək məktəbin şagirdinin belə bir uğur qazanmasının müəllim və şagird kollektivi üçün sevindirici hal olduğunu bildirib.
 
AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin rəisi Mikayıl Nərimanoğlu deyib ki, AFFA müxtəlif yaş qruplarından ibarət komandalar arasında liqalar təşkil edir və U-15 Liqasında ötən mövsüm 18 komanda, 470 oyunçu çıxış edib, cari mövsümdə isə 20 komanda, 489 futbolçu mübarizə aparır. Liqaların bombardirlərinin mükafatlandırılmasının ənənəvi xarakter aldığını bildirən M.Nərimanoğlu, analoji tədbirlərin gələcəkdə də təşkil olunacağını söyləyib.
 
21 qol vurmaqla U-15 Liqasının ən məhsuldar oyunçusu olmuş Sahil Qaraşlı tədbirin təşkilinə görə AFFA-ya minnətdarlığnı bildirib. Sonda veteran futbolçu, beynəlxalq dərəcəli hakim-inspektor Asim Xudiyev AFFA-nın hədiyyələrini Sahil Qaraşlıya təqdim edib.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp