Tanınmış idman şərhçisi, “Neftçi”nin mətbuat xidmətinin sabiq rəhbəri Elnur Əşrəfoğlunun publika.az saytına verdiyi son müsahibə yenə paytaxt klubunu gündəmə gətirdi. İdman funksioneri olmaq həvəsinə düşən həmkarımız hətta açıqlamasında tutacağı postu da nişan verib.
 
“Neftçi”yə vitse-prezident kimi gələcəyini deyən Əşrəfoğlu bu barədə klub prezidenti Sadıq Sadıqovdan dəvət aldığını bildirir. O, Sadıq bəyi vədinə əməl etməyə məcbur edən ifadə də işlədib: “Sadıq Sadıqov sözünün ağasıdı. O, deyibsə, edəcək”.
 
Elnur bəyin açıqladığı təyinatının reallaşma tarixi isə çox maraqlıdı. Belə ki, mayın 25-də işə başlayacağını bildirən jurnalist vakant posta gələcəyini, istefa vermiş Tahir Süleymanovu əvəzləməyəcəyini deyir: “Neftçi”də vakant vitse-prezident postu var. Sadıq müəllim məni o posta dəvət edib. İnşallah mayın 25-dən sonra bu təyinat reallaşmalıdı. Mən Tahir Süleymanovun yerinə niyə gəlməliyəm və yaxud Süleymanov niyə getməlidi ki? Tahir Süleymanov Azərbayacan futboluna lazımlı adamdı və işləməlidi. O cümlədən Elnur Əşrəfoğlu da futbol təsərrüfatında işləməlidi. Sadıq Sadıqov mənim qara gözümə, qara qaşıma aşiq olmayıb. O, Elnurun “Neftçi”dəki işini görüb və ona görə də məni ora dəvət edib”.
 
Doğrusu, “Neftçi”də indiyədək yada düşməyən vakant postun indi birdən-biri Əşrəfoğluya təklif edilməsi inandırıcı deyil. Çox güman ki, az öncə istefasını bəyan edən Süleymanovun məsələsinə kubokun finalından sonra baxılacağıyla bağlı rəsmi qərar təsadüfi deyil. Məhz həmin vaxt – elə Elnur bəyin dediyi mayın 25-də – bu məsələlər yoluna qoyulacaq və Əşrəfoğlu Tahir bəyi əvəz edəcək. Tanınan jurnalistin Süleymanov haqda təriflə danışması isə onun musiqi sədası altında yola salınması cəhdinə bənzəyir. Yəni, mayın 25-nə kimi işimə pəl vurma, vaxtı çatanda lazım olan kimi danışarıq.
 
Bizi belə düşünməyə vadar edən konkret səbəb də var. Çünki Tahir bəyi tərifləyən, onu işgüzar adam kimi qələmə verən həmkarımız digər açıqlamasında az qala onun göndərilməsinin gərəkdiyini işarə edən sözlər deyir: “Neftçi”də ən cox istefa verən Tahir Süleymanovdu. Bilmirəm, deyəsən artıq 8-9 dəfə istefa verib. Amma bu istefanı şouya çevirmək Tahir Süleymanova başucalığı gətirmir. Süleymanovun istefası Polad Ələmdarın “Qurdlar vadisi” serialında dəfələrlə ölüb-dirilməsinə bənzəyir. Olmaz belə. Görürsən ki, artıq belə istefa oyunlarından sonra sənə gülürlər, şouya bənzədirlər bunu. Sən şou adamı deyilsən axı. Sən Azərbaycan futbolunda iz qoymuş adamsan. Tahir Süleymanovun Azərbaycan futbolunda böyük izi var. Sadıq Sadıqov deyir ki, Tahir Süleymanov topla yatıb, topla da durur. Həqiqətən belədi. Orada işləyəndə bu adamın hansı rejimdə çalışdığının, necə həyacan keçirdiyinin şahidi olmuşam. Tahir Süleymanov futbolu yüksək səviyyədə bilən kadrdı və bu gün Azərbaycan futbolunda belə kadrlara ehtiyac var. Süleymanov işləməlidi, anca istefanı da belə ucuzlaşdırmağa gərək yoxdu. Belə istefa şouları Süleymanovun imicinə zərər vurur”.
 
Elnur bəy Sadıqovun fikrini bir az da qətiləşdirmək üçün onun ürəyindən keçən, amma deyə bilmədiyi sözləri də çatdırmağı lazım bilib: “Ramin Musayev ömründə futbol oyanamayıb. Elxan Məmmədovu futbol oynayan görmüşəm. Özü də pis futbol oyamır. Bəli, bu gün bu şəxslər AFFA prezidentinin kadrları sayılırlar. Axı nəyi pisdi ki, sizin ərtafınızda futbolu bilən şəxslər olsun, futbolumuz da inkişaf etsin? Bu gün AFFA-da qəbul olunan qərarlar futbolun inkişafını əngəlləyir. Götürək elə son dəfə qəbul olunan legioner limitini. Bu qərar futbolun inkişafına öldürücü zərbə vuracaq. Ortada Araz Abdullayev nümunəsi var. Bu adam çalışdı-vuruşdu, heyətdə özünə yer tutdu. İndi isə arxayındı. Arxayındı ki, limit 6+5 olsa, onun yeri toxunulmaz olacaq. Elə ona görə də adam vurur, qayda pozur, azarkeşi söyür. Adamın burnu dikəlib. Azərbaycan futbolu üzük kimi dairəvidi. Mahirlər, Əfranlar, Rauflar, Arazlar bu üzük boyunca gəzəcəklər. “Bakı”dan “Neftçi”yə, oradan “Xəzər Lənkəran”a, oradan “İnter”ə gedəcəklər. Beləcə, 36 yaşa qədər Azərbaycan futbolunda fırlanacaqlar. Bilirsiz, mən Sadıq Sadıqovu niyə müdafiə edirəm? Sadıq Sadıqovu gətirsinlər Elxan Məmmədovun yerinə baş katib. İki ildən sonra Azərbaycan millisi seçmə mərhələni adlamasa, onda mən adımı dəyişərəm. Bu adam idman funksioneridi. O, məsuliyyətlidi. Ona tapşırılan işin, vəzifənin məsuliyyətini anlayır, nəticə vermək istəyir. Sadıq Sadıqov kimi kadrlara güvənmək, onlara vaxt vermək lazımdı”.
 
Gördüyünüz kimi, Əşrəfoğlunun açıqlamasında tərif də var, tənqid də. Və onların hamısı vitse-prezident postuna təyin olunması üçün düşünülmüş taktikaya oxşayır. Sanki Sadıqovun qərarını qətiləşdirməsinə, Tahir Süleymanovun yerinə məhz onu təyin etməsinə hesablanıb. Çünki o da yaxşı bilir ki, “Neftçi”də başqa vitse-prezidentin təyinatı mümkünsüzdü, elə Tahir bəy istefa vermişkən onun gedişini sürətləndirmək və öz lehinə qərar verilməsinə çalışır. Onun Süleymanovu tərifləməsi, guya onun qalmasını istəməsi isə inandırıcı deyil. Bu şəxslərin “Neftçi”də birgə işlədiyi vaxt hansı münasibətdə olduğunu hamı bilir. O zaman yıxılan Əşrəfoğlu olmuşdu, indi isə Elnur bəy Süleymanovun yırğalanan kreslosunu daha həvəslə silkələyir.
 
FƏRİD
 
P.S. Bu məsələyə Sadıq Sadıqovun da reaksiyası maraqlıdı. Vədi o veribsə, məsələni də özü aydınlaşdırmalıdı. Bunun üçün “Neftçi”yə müraciət etmişik, cavab gözləyirik…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp