“Barselona”nın baş məşqçisi Tito Vilanovanın xərçəng xəstəliyinə düçar olmasından sui-istifadə edən “Bavariya” ötən il yarımfilanda katalonlara 4 cavabsız qol vurdu. Üstəlik cavab qarşılamasında ispanların əsas heyətinin 5 oyunçusu meydana çıxmadığından yenə alman maşını işə düşdü, sürətlə getdi, radara düşməkdən qorxmadılar və var qüvvələriylə bundan istifadə etdilər. Halbuki, Messi zədəli, cəzalı olmadığı halda cavab qarşılamasında meydana çıxarılmadı. Çünki “Barselona” ilk oyundakı 4 qoldan sonra taleyi ilə barışmışdı. Ancaq alman maşını “Mersedes” dayanmaq bilmədi və daha üç qol vurdu. Finalda da “Borrusiya”nı məğlub edib, çempion oldu. Çox gözəl!
 
İddia etmirəm ki, Tito Vilanova stadionda olsaydı, xərçəng xəstəliyinə mübtəla olmasaydı, hər iki qarşılaşmanın nəticələri başqa cür olardı, “Barselona” qələbə qazanacaqdı. Yox, ispanlar onsuz da uduzacaqdı, ancaq bu cür biabırçı hesabla yox, oyunun gedişində müəyyən taktiki dəyişikliklər edib matçdan üzüsulu çıxardı.
 
Tito Vilanova dünyasını dəyişdi. “Bavariya” – “Real” oyunu öncəsi anıldı, sükutla yad edildi. Oyun başladı. Çoxları kimi mən də “Bavariya”nın qələbə qazanacağını düşünürdüm, hətta buna əmin idim. Çünki o bir alman maşınıdı, həm də saz vəziyyətdədi. Ancaq bu maşın heç bir işə yaramadı, yalnız oyunun ilk beş dəqiqəsində sürət yığdı, ötənilki sürətinə görə radara düşdü, Vilanovanın ahının radarına. Hə, Titonun yoxluğundan “Bavariya” necə istifadə edib qolları sırayla düzmüşdüsə, “Real” da bax, o cür, məhz o meydanda 4 qol vurdu. “Kral klubu” nifrət etdiyi, əzəli rəqibi “Barselona”nın əvəzini çıxdı. Bəlkə də bilməyərəkdən, bəlkə də istəməyərəkdən…
 
Qvardiolanı tənqid etmək olar və haqsız duruma düşməzsən. Ancaq onu da unutmaq olmaz ki, nəyin necə və nə cür olmasından asılı olmayaraq, Tito Vilanovanın ahı, qisası alınacaqdı. Bu, dünən də olmasaydı, bir neçə ilə baş verəcəkdi. Alman maşınını – “Mersedes”i kimsə aşıracaqdı. Sadəcə, Tanrı məhz dünəni istədi. Və sübut etdi ki, futbola da nəzarət edir!
 
“Bavariya” dünənki oyunda alman maşını deyildi, mersedes idi, özü də qırmızı mersedes…
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp