"Qəbələ"nin müdafiəçisi Ruslan Tağızadənin futbolinfo.az saytına müsahibəsi
 
– Sizi "Neftçi" ilə çətin oyun gözləyir. Bakılılarla oyuna hazırlığınız necə gedir?
– "Simurq"la oyundan sonra komandaya istirahət verildi. Bu gündən etibarən Bakıda hazırlıqlarımız davam edəcək. İnşallah, bu oyuna ciddi hazırlaşacağıq. Çünki kubokun finalında oynamaq hələ Avroliqaya vəsiqə qazanmaq demək deyil. Bunun üçün də çempionatda da uğurlu çıxış edib, avrokuboklara vəsiqəni təmin etməliyik.
 
– Son turlarda "Qəbələ"də dirçəliş hiss olunur. Bu, sizcə nəyin nəticəsidi?
– Komanda qara zolağa düşmüşdü. Şükürlər olsun ki, bu zolaqdan çıxdıq. Futbolçuların özünəinamı qayıdıb. Kubokda finala vəsiqə qazanmağımız bizə bir qədər də yüksək motivasiya bəxş etdi.
 
– Çempionluq şansınızı itirdiyinizi nəzərə alsaq, demək olarmı ki, bundan sonra "Qəbələ" 4-cü yer uğrunda yalnız "Bakı" ilə mübarizə aparacaq?
– Çempionatın başa çatmasına 4 tur qalıb. Deməzdim ki, təkcə 4-cü yer uğrunda mübarizə aparırıq. Bizim hələ 3-cü pilləyə yüksəlmək şansımız da var. "Neftçi"ni məğlub etsək, xal fərqi 1-ə enəcək. Hər şey "Neftçi" ilə oyundan asılıdı.
 
– "Neftçi"ni necə dəyərləndirisiz?
– "Neftçi" əvvəlki illərə nisbətən, bu il uğurlu nəticələr qazana bilmir. Qələbə qazanmasaq da, çalışacağıq ki, 1 xal əldə edək.
 
– Ancaq onu da nəzərə almaq lazımdı ki, mövsüm ərzində "Qəbələ"nin "Neftçi" üzərində bir dənə də qələbəsi yoxdu. 3 matçın 3-də də "Neftçi" qalib gəlib…
– İnşallah, çalışacağıq ki, bu uğursuzluğa son qoyaq. Kubokun finalına çıxmaqla arxayınlaşmaq olmaz. Finala qədər Avroliqaya vəsiqəni əldə etməliyik. "Neftçi" ilə oyun bizim üçün çox önəmlidi. Çünki "Bakı"nın "Qarabağ"la oyunda xal itirməsi real görünür. Biz də bundan maksiumum şəkildə istifadə etməliyik. Qalib gəlsək, "Bakı"dan uzaqlaşa bilərik. "Neftçi" ilə oyundan sonra isə evdə "Bakı"nı qəbul edəcəyik. Bu oyuna rahat çıxmaq üçün "Neftçi" ilə oyunda qələbə qazanmaq lazımdı. Kubokun finalında hər şey ola bilər. Çalışacağıq ki, qələbə qazanmaqla azarkeşlərimizi, həm də klub rəhbərliyini sevindirək. Çempionat ərzində bir komandadan 4 məğlubiyət almaq futbolçulara da pis təsir edər.
 
– "Neftçi" bu oyunda da qələbə qazansa, demək olarmı ki, "Qəbələ"nin futbolçuları final oyununda rəqibindən qorxacaq?
– Xeyr. Nəzərə almaq lazımdı ki, çempionatdan fərqli olaraq, kubokda tamam fərqli oyun nümayiş etdirirk. "Qarabağ" kimi komandanı kubokdan kənarlaşdırdıq, "Xəzər Lənkəran"ı evdə məğlub edib, səfərdə də sərfəli nəticə qazanaraq finala adladıq. Hazırda da fikrimizi çempionata yönəltmişik.
 
– Ümumiyyətlə, "Qəbələ"nin çempionatda və kubokda fərqli oyun nümayiş etdirməsinin səbəbi nədi?
– Vallah, bunu mən də bilmirəm. Yəqin ki, çempionatdan fərqli olaraq, kuboka daha yüksək motivasiya ilə hazırlaşırıq. Çempionatda uğursuz çıxışdan sonra anladıq ki, çempionluğa artıq şansımız qalmayıb. Bunun üçün də bütün diqqətimizi kuboka yönəltmişdik.
 
– "Qəbələ" Avroliqaya vəsiqə qazansa, bu, sizin karyeranızda bir ilk olacaq…
– Ondan da əlavə ilk çempionluğumu "Qəbələ"də qazanmaq istəyirəm. Çünki futbolçu karyeramda bu sevinci hələ ki, yaşaya bilməmişəm. İnşallah, kuboku qazanmaqla bu sevinci yaşayaram.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp