"Qarabağ" 21 ildən sonra çempionluğu bayram etməyə çox yaxındı. Futbolinfo.az xəbər verir ki, ağdamlılar bunun üçün növbəti turda "İnter" üzərində qələbə qazanmalıdı. Ancaq bu, Qurban Qurbanovun yetirmələri üçün elə də asan olmayacaq. Komandalar arasında 6 xallıq fərqin olduğunu nəzərə alsaq, "İnter" də qalib gəlib, fərqi 3-ə endirməyə çalışacaq. Maraqlı qarşılaşma öncəsi "İnter"in ağdamlı yarımmüdafiəçisi Asif Məmmədovu danışdırmaq qərarına gəldi. O, saytımıza verdiyi müsahibədə bir sıra maraqlı məqamlara toxundu:
 
– Siz də Ağdamda doğulmusuz. Bu şəhəri təmsil edən "Qarabağ" sonuncu dəfə 1993-cü ildə Ağdam işğal olunan ərəfədə çempion olub. 21 ildən sonra Ağdam komandasının çempion olmaması üçün əngəl yaratsaz, bu, sizi üzməyəcək?
– Bu, çox çətin sual oldu. Biz olmayacağıqsa, istəyərəm ki, "Qarabağ" çempion olsun. Mən də peşəkar futbolçu kimi istəyərəm ki, öz komandam çempion olsun. Amma ağdamlı olduğum üçün "Qarabağ"ın çempionluğuna da sevinərəm.
 
– Onsuz da ya siz, ya da "Qarabağ" çempion olacaq. Çünki sizdən başqa heç bir komandanın çempionluq şansı qalmayıb…
– Bu suala cavab vermək çox çətindi. Məni də başa düşmək lazımdı. Mən "İnter"i təmsil edirəm axı…
 
– Heç düşünmüsüzmü ki, Ağdam klubunda çempionluq hissi yaşayım?
– Niyə düşünməmişəm ki? Mən də istəmişəm ki, bir ağdamlı kimi "Qarabağ" da çıxış edim. Belə bir imkan əlimə düşsə, meydana çıxıb canla-başla oynayaram. Ancaq hazırda "İnter"dəyəm. Bu haqda danışmağım düz çıxmaz. Müqaviləm olduğu üçün öz komandam haqda fikirləşirəm. Ağdamlı kimi "Qarabağ"da oynamaq ən böyük arzum olub.
 
– "Qarabağ" çempion olarsa, yəqin ki, ilk növbədə Vüqar Nadirovla Namiq Yusifovu təbrik edəcəksiz?
– "Qarabağ"da çıxış edən futbolçuların çoxu ilə yaxın münasibətim var. Vüqarla tez-tez danışırıq. Telefon nömrəsini bildiyim futbolçuların hamısına zəng edib, təbrik edəcəm.
 
– Vüqar Nadirov sizə qonaqlıq söz verməyib ki?
– Yox, söz verməyib (gülür). Elə bir söhbətimiz olmayıb.
 
– "Qarabağ"la oyuna hazırlıq necə davam edir?
– Hazırlıq pis keçmir. Digər oyunlara necə hazırlaşırıqsa, "Qarabağ"la oyuna da elə hazırlaşırıq. Demək olar ki, hər şey öz yolundadı.
 
– "Qarabağ"la arada olan xal fərqinin 6-ya enməsi "İnter"də canlanma yaradıb?
– Məqsədimiz qarşıdakı oyunda yaxşı çıxış etməkdi. İstəyirik ki, uğurlu seriyamız davam etsin. Çempion olmağımız Allahın işidi. Ancaq bu oyuna ciddi hazırlaşırıq. Çempion olmağa haradasa şansımız var.
 
– "Qarabağ"ın son turlarda xal itirəcəyinə, fərqin azalmasına inanırdız?
– Bu, futboldu, hər şey ola bilər. Sözün düzü inanmırdım. Çünki "Qarabağ" çox yaxşı çıxış edir. Hər komandaya 3-4 top vururdu. İnanmırdım ki, belə xal itirəcəklər. Vaxt var idi ki, biz aşağı pillələrdəydik. İndi isə 2-ci pillədə qərarlaşmışıq. İkinci pillədə qalmaq üçün şansımız çoxdu.
 
– Qeyd etdiniz ki, "Qarabağ" hər oyunda rəqibinə 3-4 top vururdu. Nəzərə almaq lazımdı ki, "İnter" də son turlarda eyni nəticəni göstərir. Bu uğurun sirri nədədi?
– Mən deyərdim ki, baş məşqçi ilə yanaşı futbolçuların da böyük rolu var. Futbolçular baş məşqçinin verdiyi tapşırıqları yaxşı yerinə yetirir. Rəhbərlikdən tutmuş inzibati işçilərə qədər hər kəsin bu uğurda öz payı var. Vaxt var idi çoxları deyirdi ki, "İnter" cari mövsümdə çempionatda qalmaq üçün mübarizə aparır. Prezidentimiz də sağ olsun ki, bizə inandı. Heç birimiz ruhdan düşmədik. Ruhdan düşsəydik ki, "İnter" hazırda aşağı pillələrdə idi. Qarşımıza məqsəd qoyduq və buna da çatdıq. Uğurun da sirri bundadı. Vaxtında xallar itirməsəydik, çempion da ola bilərdik. Düzdü, indi də şansımız var. Bu mövsümü ikinci pillədə başa vursaq, çempionluğa bərabər olacaq.
 
– "İnter" artıq Avroliqaya vəsiqəni təmin edib. Dediyinizdən belə başa düşmək olarmı ki, "Qarabağ" çempion olsa, bu, "İnter"in futbolçularına bir o qədər mənfi təsir etməyəcək?
– Bizim 30 faiz də olsa, şansımız var. Məğlub olanda üzülməmək qeyri-mümkündü. Məğlub olmamağa çalışmalıyıq. Avrokuboklara vəsiqəni təmin etmişiksə, yenə də oynamalıyıq. Çünki bizə baxan azarkeşlər var. Avropaya vəsiqəni təmin etmək hələ hər şey demək deyil. Çünki mövsümün əvvəlində qarşımıza çempionluğu hədəf qoymuşduq. Axıra qədər mübarizə aparacağıq. Bizim ikinci yeri təmin etməyimiz üçün hələ 1 xala ehtiyacımız var. Ona görə də mübarizə qarşıdadı.
 
– Ancaq baş məşqçiniz Kaxaber Sxadadze "Qarabağ"ı çempionuq münasibəti ilə təbrik etmişdi…
– "Qarabağ" həmin vaxt bizdən çox irəlidə idi. Mən də o vaxt düşünürdüm ki, "Qarabağ"a çatmaq çətin olar. Bir daha qeyd edirəm ki, hələ heç nə bitməyib. Bizim "Qarabağ"la oyunumuz qalmasaydı, mən də bütün deyilənlərlə razı olardım. "Qarabağ" 6 xal bizdən irəlidədi. Bu turda da onlarla qarşılaşacağıq. 90 faiz hər şey bizim öz əlimizdədi. "Qarabağ"ı məğlub etsək, qaşıdakı iki turda hər şey ola bilər. Az da olsa, ümidimiz var.
 
– "İnter"in baş məşqçisi Kaxaber Sxadadzenin mövsümün sonunda komandadan gedəcəyi demək olar ki, dəqiqləşib. Sxadadze "İnter"dən getsə, itirən kim olacaq?
– Mən də bu barədə mətbuatdan oxumuşam. Ancaq komanda daxilində belə bir söhbət eşitməmişəm. Baş məşqçi öz seçimini edəcək. Mənim bu barədə fikir bildirməyim düz çıxmaz. Mən şəxsən onun komandadan getməsini istəmərəm. Azərbaycana xeyir verən məşqçidi. Şəxsən özüm ondan çox şey öyrənmişəm. Sxadadzenin sayəsində komandada olan gənc oyunçuların da oyununda irəlilləyiş hiss olunur. Artıq neçə ildi ki, bir yerdə çalışırıq. O bizə, biz də ona yaxşı bələdik. Qalsa, Allah canını sağ eləsin, getsə də, uğurlar arzu edirəm. Düzü, gürcü çalışdırıcı ilə işləmək mənim üçün çox asandı. Onun məşqçi fəlsəfəsi tamam başqadı. Fikrimcə, o, komandadan getsə, "İnter" çox şey itirəcək.
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp