"Qarabağ" Topaz Premyer Liqasında çempionluğun bir addımlığındadı. Futbolinfo.az xəbər verir ki, ağdamlılar sabah "İnter"ə qalib gəlsə, 21 illik həsrətə son qoyacaqlar. Çünki bu komanda sonuncu dəfə 1993-cü ildə çempionluq kubokunu başı üzərinə qaldıra bilib. Bəs görəsən, həmin ildə çempion olmuş futbolçular keçmiş komandalarını növbəti uğura gedən yolda necə diqqətdə saxlayır? 21 il öncəki çempionlar "İnter"lə həlledici oyunda Ağdam klubunun yanında olacaqmı? Bu və digər suallara aydınlıq gətirmək üçün "Qarabağ"ın həmin ildə heyətində yer almış bəzi futbolçularla əlaqə saxladıq.
 
Kənan Kərimov: "Futbolçu kimi yetişməyimdə "Qarabağ"ın rolu danılmazdı. Uzun müddət Ağdam klubunda oynamışam. Komanda uzun fasilədən sonra çempionluğa yaxındı. "Qarabağ" bu mövsüm çempionluğu həqiqətən də haqq etdi. Televiziya vasitəsi ilə oyunlarını izəmişəm. Düşünürəm ki, çempionluq həsrətinin uzun çəkməsinin səbəbi gərgin mübarizədən irəli gəlir. Hazırda Bakıdayam. Çalışacam ki, matçı stadiondan canlı izləyim".
 
Səttar Əliyev: "1993-cü ildə "Qarabağ"ın heyətində çıxış edən uşaqlarla tez-tez görüşüb futbol oynayırıq. Fikrimcə, çempionluq həsrətinin bu qədər uzun çəkməsinə səbəb köçkünlük oldu. Doğma rayonun, stadionun olmaması ağır itki idi. 93-cü ildən sonra ev oyunlarımızı da səfərdə oynamışıq. O vaxt "Kəpəz", "Turan" evdə oynayırdı. Tamaşaçıların stadiona axın etməsi komandanın qələbəsində böyük rol oynayırdı. Biz də vaxtilə Ağdamda oynayanda bilirdik ki, rahat qələbə qazanacağıq. O vaxt heyətimiz yaxşı idi. Sadəcə, sıxıntılar var idi. O vaxt legioner olmayıb, heyət yerli futbolçulardan ibarət olub. Yerli uşaqlarla əl-ələ verib bir-birimizə dəstək olmuşuq, meydana çıxıb nəyimiz var ortaya qoymuşuq. İndi vəziyyət tamam fərqlidi. Legioner gəlir, yüksək maaş alır. 93-cü ildə Azərbaycanda ən güclü biz olmuşuq. Sabah stadionda olub-olmayacağımı hələ dəqiq bilmirəm".
 
Elşad Xudadatov: "Çempionluğu ovaxtdan gözləyirik. 93-cü ildən sonra yenə çempion olmaq istəyirdik. Ancaq gəldi indiki vaxta təsadüf etdi. Çempion olmağı səbrsizliklə gözləyirik. Komanda çətin günlər yaşadı. Maddi sarıdan çox əziyyət çəkdi. Bir neçə rayonda çıxış etdi. Bu da istər-istəməz təsir etdi. İndi Allaha şükür hər şey yaxşıdı, çempionluğa yaxınıq. İnanıram ki, sabah "İnter"i udub çempion olacağıq. Sabah oyunu mütləq stadiondan izləyəcəm. Ovaxtkı heyətdən hamı da olmasa, yəqin ki, bir neçəsi stadionda olacaq".
 
Aslan Kərimov: "Hər hansı bir uğurun resepti yoxdu. "Qarabağ"ın enişli-yoxuşlu yolu olub. Hamısının da öz səbəbləri olub. Ancaq hər zaman birinci yer uğrunda mübarizə aparmışıq. Bəzi illər olurdu ki, komandada cavanlara üstünlük verilirdi. Belə olan hallarda da çempion olmaq çətinləşirdi. Elə vaxtlar da olub ki, heyətimiz yaxşı olub, ölkə kubokunu qazanmışıq. Sadəcə, çempion olmaq üçün komandada sabitlik çatmayıb. Ovaxtkı heyətdə çıxış edən futbolçularla tez-tez görüşürük. Mehman Alışanov həbsdə olduğu üçün görüşə bilmirik. Ancaq onu da ziyarət etmişik. Sabah stadionda olacam. Milli komandada işlədiyim üçün "Qarabağ"ın matçına qədər başqa oyunlara da baxmalıyam. Qəlbimin içində "Qarabağ" sevgisi var. Ancaq mənim üçün hazırda Azərbaycanın birinci yerdə olması önəmlidi. Bunun üçün də bitərəfəm. Ancaq harada olmağımdan asılı olmayaq, uzun illər çıxış etdiyim komandanın çempion olmasını hər zaman arzulayacam".
 
Elşad Əhmədov: "Qarabağ" hər zaman yaxşı yerlər üçün oynayıb. 2-ci, 3-cü yerləri, kuboku qazanıb ancaq çempion ola bilməyib. O günlər üçün darıxırıq. O vaxt bizim məqşlərimizdə olan tamaşaçıların sayı indiki oyunlarda qeydə alınan azarkeşlərin sayından çox idi. "İmarət" üçün darıxmamaq olar? "Neftçi"də çalışdığım üçün sabah öz oyunumuzda olacam".
 
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp