Fikrimcə, Gürcüstan patriarxı ikinci İliadan inciməyə dəyər. Hörmətli İlia yanvar ayının sonlarına doğru “İnter”in baş məşqçisi Kaxaber Sxadadze ilə görüşdə həmyerlisini milli komandanın baş məşqçisi təyin olunması münasibət ilə təbrik edib, ona xeyir-duasını verib. Amma ona təlim-tərbiyə, öyüd-nəsiyət verməyi yadından çıxarıb.
Nə bilim, bəlkə də İlianı nahaq yerə qınayırıq. Ola bilər ki, artıq o da Kaxaberin öyüd batan yerində bitən söyüdün hündürüyünün paytaxt Tiflisdən də göründüyünün fərqindədi.
Mənə elə gəlir ki, Sxadadze məktəbdə oxuyanda onun ibtidai sinif müəlliməsi kiməsə qoşulub qaçıb. Buna görə ona insanlarla necə davranmağı, böyük-kiçiklə olan münasibəti öyrədən olmayıb. Marağı bədən tərbiyəsi fənninə olan Kaxa özü üçün bədən formalaşdırsa da, tərbiyədən məhrum olub.
Bugünə qədər dəfələrlə onun qeyri-etik davranışlarına şahidlik etmişdik. Gürcü çalışdırıcıya tənqidlər olsa da, təəssüflər olsun ki, müsbət mənada dəyişən heç nə yoxdu. Əvəzində isə Azərbaycanda yayılmış söyüdün 15 növünün hamısı “İnter”in bazasında boy atmaqdadı. Cahangir Hacıyev gündən-günə böyüyən, hündürlüyü 10 metr, diametri 12 sm-ə olan söyüdləri kəsməsə, özgələrin doğması təsirini bağışlayan “İnter”ə olan münasibət bir qədər də yadlaşacaq. Ötən gün olduğu kimi…
Topaz Premyer Liqasının 19-cu turu çərçivəsində baş tutan “İnter” – “Sumqayıt” matçında birincilərin baş məşqçisi Sxadadzenin topa meydandan çıxmamış müdaxilə etməsinə görə topdaşıyan uşağa sərt reaksiyasına heç cür haqq qazandırmaq olmaz. Ömrünün 1/3-nü geridə qoyan biri, səbəb nə olursa olsun, 12 yaşlı uşağa, gələcəyin futbolçusunun üzərinə yüksək səs tonu ilə qışqırmalı, onu təhqir etməli deyildi. Hələ bu uşağın arzusu gələcəkdə sənin hazırda rəhbərlik etdiyi komandanda oynamaqdırsa…
Yaxşı ki, matçın 4-cü hakimi Ömər Paşayev hadisəyə fərqli yanaşdı. O, topdaşıyan uşağı qucaqlayaraq, gələcəyin futbolçusuna təsəlli verməklə, bir növ balacanın pis olmamasına çalışdı. Halbuki, bunu ilk öncə Kaxaber etməli idi. Görəsən, gürcü qolsuz başa çatan qarşılaşmadan sonra xətrinə dəydəydiyi uşağın könlünü aldımı?
Məsələni dəqiqləşdirmək üçün matçdan sonra təşkil olunan mətbuat konfransında məşqçiyə bəndəniz eyni sual ünvanladı. Ancaq “başqa suala keçin” deyən gürcü mütəxəssis tərbiyəsizliyini bir daha nümayiş etdirməli oldu. Sən demə, Kaxa balacadan üzr istəməyi özünə rəva bilməyib.
6 ilə yaxındı ki, “İnter”i çalışdıran Kaxaber Sxadadze yayda ölkəmizi birdəfəlik tərk edəcək. Təxminən 120 gündən sonra. Amma onun 120 qram hörmət qazanmadan ölkəmizi tərk etməsi heç də xoş deyil. 
Klubun sahibi Cahangir Hacıyevin bu olaydan xəbərdar olub-olmadığını bilmirəm, amma klubunda barmaqla sayılacaq qədər azərbaycanlı olmasına baxmayaraq, məsələyə azərbaycanlı kimi yanaşmalıdı. Ən azı soruşmalıdı ki, mən sənin yarıtmaz oğlun Baçananı əzizləyə-əzizləyə heyətdə saxlayıramsa, ən azı buna görə xalqıma hörmət etməlisən. Bunu etməyəcəksə, qoy Kaxa azərbaycanlıları təhqir etməyə, himayədarları isə ona dəstək verməyə davam etsin.
EMİN SƏFƏROV
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp