“Sumqayıt” klubunun yarımmüdafiəçisi Ruslan Poladovun futbolinfo.az-a müsahibəsi:
– Premyer Liqanın 23-cü turunda səfərdə “Simurq”la qarşılaşaqsınız. Bu görüşlə bağlı fikirlərinizi bilmək istərdik…
– Oyunla bağlı danışmağa icazə vermirlər.  Ümumiyyətlə, qarşıdakı oyunlarla bağlı danışmağa icazə vermirlər.
– Ötən tur AZAL-la qarşılaşmada əvəzlənmənizə sərt reaksiya verdiniz. Hətta, künc bayrağına zərbə də endirdiniz. Bu nə ilə bağlı idi?
– Ümumiyyətlə, o aqressiya məşqçilər heyətinə qarşı deyildi. Şəxsən özümə qarşı idi. 67 dəqiqə ərzində komandama heç nə ilə kömək edə bilmədim. Əvəzlənməyimə ona görə pis oldum ki, 90 dəqiqə meydanda qalıb, komandama kömək etmək istəyərdim. Öz oyunuma görə hirslənmişdim. 
– Amma əvəzetmədən sonra komandanın ehtiyat oyunçular skamyasına yox, birbaşa paltardəyişmə otağına getdiniz…
– Oyunum alınmadı deyə əsəbləşmişdim. Ona görə də belə oldu. 
– Qış fasiləsindən sonra “Sumqayıt” ardıcıl 3 oyunda meydanı qolsuz bərabərliklə tərk edib. Komandanın qol vurmaqda çətinlik çəkdiyi görsənir…
– Deməzdim ki, qol vurmaqda çətinlik çəkirik. Sadəcə, yaranan qol imkanlarından istifadə edə bilmirik. Nədənsə oyunumuz alınmır. Düzü, 19-cu turda “İnter”lə pis oynamadıq. Növbəti turda “Bakı” ilə görüşdə çoxlu qol imkanlarımızdan yararlana bilmədik. Son turda AZAL-la oyunda isə hər iki komanda sönük təsir bağışladı. Hər iki komanda ehtiyatlı davrandı.  Gələcək oyunlarda bu problemin həll olunacağına inanıram. 
– Əvvəlki illərdə sizi daha çox cinah müdafiəçisi kimi çıxış edərkən görmüşük. İndi isə yarımmüdafiədə çıxış edirsiniz. Müdafiədən yarımmüdafiəyə keçməyiniz nə ilə bağlıdı?
– Məşqçinin qərarıdı. Sistemi qurur, məşqlərdə baxır, kim harada xeyir verə biləcəksə, orada da oynadır. Mən sırf müdafiəçi deyiləm. Həm müdafiə, həm də yarımmüdafə mövqeyində oynamışam. “Xəzər Lənkəran”, “İnter” və “Simurq”da da yarımmüdafiədə çıxış etmişəm. Birinci dəfə deyil ki, mən bu mövqedə oynayıram. Müdafiə və yarımmüdafiədə də sağ və sol cinahlarda özümü göstərə bilirəm. 
– Sizin üçün müdafiədə oynamaq rahatdı, yoxsa yarımmüdafiədə?
– Düzü, heç bir fərqi yoxdu. Elə oyun ola bilər ki, hansısa mövqedə oyunum alınmasın. Bu, o demək deyil ki, hansısa mövqedə daha yaxşı oynamıram. Mənim üçün hər iki mövqedə oynamaq rahatdı. 
– “Sumqayıt”ın müdafiəçilər sanki bir-birilərini anlamır, çatışmazlıqlar görsənir. Müdafiə xəttində çıxış edən futbolçular yarımmüdafiə və hücuma istənilən köməyi edə bilmir… 
– Çatışmayan cəhətlərimiz çoxdu. Baş məşqçimiz də oyundan sonra analiz edir. Səhvlərimizi göstərir. Bunun üzərində çalışırıq. Biz də istəyirik ki, anlaşılmazlıqları aradan götürək, gələcək oyunlarda uğur qazanaq. 
– Cari mövsümə “Sumqayıt” yaxşı başlamışdı. Hətta ilk turlardan sonra liderlər qrupunda da yer almışdı. Hazırkı vəziyyətdə isə həmin turlardakı nəticəsindən çox uzaqdadı. Təcrübəli futbolçu kimi, necə düşünürsünüz enişin səbəbi nədədi?
– Hansısa oyunumuz alınmırsa, demək olmaz ki, bütün oyunları bərbad oynamışıq. Yaxşı təsir bağışladığımız oyunlarımız da olub. Qış fasiləsindən sonrakı oyunlarımıza baxsaq, görərik ki, “İnter”lə qarşı yaxşı çıxış etdik. Fasilədən sonra yeganə baxımsız oyunumuz AZAL-la görüşdə oldu. Çatışmayan cəhətlərimizin üstündə işləyirik. Heç bir komanda daimi olaraq stabil çıxış edə bilməz. Bu, mümkün deyil. Biz də çalışırıq ki, stabilliyə doğru gedək. Hələ ki, onu tutmamışıq. 
– Dünən milli komandamızın təlim-məşq toplanışı üçün heyəti açıqlandı. “Sumqayıt”dan da 3 futbolçu – Andrey Popoviç, Orxan Əliyev və Məhəmməd Qurbanov dəvət alıb. Bu dəvət Sizin üçün sürpriz oldu?
– Milli komandamızın baş məşqçisinin fikridisə, hörmətlə yanaşmalıyıq. Heç kim əlin-qolun sallamasın ki, məni çağırmayıblarsa, bundan sonra da belə olacaq. Yox, hər bir futbolçunun millidə oynamaq şansı var. Onlara uğurlar arzulayıram. Fəxr edirik ki, gənc futbolçular milliyə dəvət alıb. Onu da qeyd edim ki, milliyə çağrılmayan perpektivli futbolçular da var. Onların da öz zamanı gələcək. Üzərilərində işləsinlər, zamanla onlar da millidə olacaqlar. İndi seleksiya xarakaterli toplanışlara kimlər dəvət olunubsa, özlərini göstərsinlər. Şans düşübsə, istifadə olunmalıdı. 
– Artıq 35 yaşınız var. Karyeranızı nə vaxt bitirməyi düşünürsünüz?
– Bu sırf məndən asılı deyil. Allah zədədən, xətadan saxlasın. Təklif olarsa, oynayacam. Məşqçilərdən asılıdı. Heç bir klub məni istəməsə, onda bu barədə düşünəcəm. Amma gələcəkdə özümü yaxşı hiss edərəmsə, yenə də oynamaq istəyərəm. İndi futbolu buraxmaq fikrim yoxdu.
ZAMİN ALLAHVERDİYEV
Shares: