Azərbacyan futbolunun canlı əfsanələrindən olan Nazim Süleymanov əsri yarıladı. Parlaq futbolçu karyerası olan, Azərbaycan futbolunda ilklərə imza atan Süleymanovun bu gün 50 yaşı tamam oldu.
O, yeganə şəxslərdəndi ki, ölkənin idman mətbuatı “Sulya”nı təbrik etmək, onun ad günü olduğunu işıqlandırmaq, səbəbkar haqqında xoş sözlər demək üçün sözün yaxşı mənasında dəridən, qabıqdan çıxdı.
Azarkeşlər, o cümlədən də futbol ictimaiyyəti tərəfindən sevilən Nazim müəllim ad günü olduğu üçün yəqin ki, bu gün çox yorulub. Nəzərə alaq ki, çoxsaylı təbrikləri qəbul etmək də hər adama qismət olmur. Vəzifədə olmaya-olmaya bir insana bu qədər təbrik gəlirsə, deməli, Süleymanov ölkə futbolumuzu üçün həm əlindən, həm də ayağından gələni edib.
Səbəbkarın ad gününü təbrik etmək məqsədi ilə ona telefon açdıq. Nazim bəy üçün hərəkətli gün olduğundan onu çox yormaq istəmədik. Maraqlıdı, 50-ni keçirdən Süleymanov 100-dən nə gözləyir? O, “Süleymanov, ad günün münasibəti ilə gəl gedək 50-50 vuraq deyənlərə” nə cavab verib? Vaxtı ilə Rusiyaya ayağı getdi, əli gətirdi, diş yedi. Bəs, Nazim bəyə baxmaqdan savayı nə qaldı? Görəsən, Azərbaycan futbolunun canlı əfsanəsindən futbolumuzun baş bilənləri iki ƏLLİ yapışmalıdırmı?
“50-ni hələ keçirdirik. Yüzə də hələ çox şeylər var. Fikrimcə, yüzə tələsməli deyilik. Qarşıda görüləsi işlər çoxdu. Düzü, 50-50 vurmaq daha mənə aid deyil. Ona görə ki, bundan uzağam. Dostlar məni buna görə istəməməlidi. Bilirsiz, çox gözəl sual verdiniz. İstərdim ki, sizə və sizin həmkarlarınızın hamısına məni dəstəkləyən, təbrik edən dostlara, qardaşlara minnətdarlığımı bildirirəm. Diqqətdən böyük nə hədiyyə ola bilər ki? İndiki zamanda vacib olan diqqətdi. Onlardan çox razıyam. Diqqətin mənim üçün qiyməti yoxdu. Zənginiz məni sevindirdi, Allah da sizi sevindirsin. Mənə elə gəlir ki, mənəvi dəyər daha önəmlidi. Sizin vasitənizlə hamıya öz təşəkkürümü bildirirəm. Bilirsiz, ayaq getdi, əl gətirdi diş yedi, bütün bunları ağıl idarə edir. Ona görə də, harada lazımdı ayaq getməlidi, əl gətirməlidi, diş yeməlidi, harada lazımdısa, göz baxmalıdı. Hər kəs işləmək istəyir. Mən futbolçu karyeramı başa vurduqdan son məşqçilik fəaliyyəti ilə məşğul olmuşam. Yəqin ki, gələcəkdə bir iş təklif olar, işləyərik".
EMİN SƏFƏROV