– Əvvəlcə “Qəbələ” klubunun qış fasiləsindən sonrakı çıxışını dəyərləndirərdiniz…
– Düzü, nəticələrə görə çox narahatıq. Biz bunu gözləmirdik. Komandanın potensialına bələdik və bilirik ki, bundan artığına qadirik. Heyət cəhətdən bizdən zəif olan komandalara uduzuruq. Məğlubiyyətlərdən sonra turnir cədvəlində bir qədər geriləmişik. Ümid edirik ki, yaxın günlərdə nəticələrimiz düzələcək və qələbələri sıralayacağıq. O dərəcədə pis komanda deyilik ki, ancaq məğlub olaq.
– Roman Qriqorçukdan belə başlanğıc gözləyirdiniz?
– Yox. Nəinki biz, heç özü gözləmirdi. Rəhbərlik də belə nəticələrin olacağına inanmırdı. Yəqin ki, buraxılan səhvlər var. Nəticələrin də belə olması o səhvlərə görədi.
– Komandanın problemi nədədi?
– Problemlər var ki, komanda hazırda 6-cı yerdədi. Oyunu analiz edəndə görürürk ki, çox sadə epizodlardan qollar buraxırıq. Komanda şəklində yaxşı oynasaq da, fərdi səhvlərdən qapımızda qollar görürük. Ümumi olaraq pis oynamırıq, irəliləyiş var. Məşqçi hələ təzədi, istədiyi oyunu komandaya yeritmək üçün vaxta ehtiyacı var. Məşq prosesləri yüksək səviyyədə keçir. Legionerlərimiz uyğunlaşma dövründıdi.
– Qriqorçukdan məğlubiyyətlərlə bağlı soruşduqda nə cavab verir?
– Onunla birlikdə oyunları analiz edirik. Gətirdiyi legionerlərdən çox şey gözlədiyini deyir. Hələ istədiyini ala bilmir. Ən əsas da Aleksey Qaydan daha inamlı oyun gözləyir və ona inanır. Bildirir ki, görmək istədiyi Qay bu deyil. O da heç cür izah edə bilmir ki, nə baş verir. Komandada çatışmazlıqlar o qədər görsənməsə də, nəticələr çox acınacaqlıdı.
– Yeni transferlər özlərini nə dərəcədə göstərə biliblər?
– Hələ transferlər istəniləni verə bilməyiblər. Mən inanıram ki, bu, müvəqqətidi. Onlar hazırda adaptasiya dövrü keçirlər. Fərqli ölkəyə gəliblər. Qəbələyə yox, Bakıya gəlsəydilər, onlar üçün bəlkə də daha rahat olardı. Başqa mühitdən gəliblər. Bunların hamısını nəzərə almaq lazımdı.
– Transferlər özlərini doğrultmasa, bunun hesabatını kim verəcək?
– Biz hansısa səhv axtarmırıq. Çünki qarşıda həm ölkə çempionatı, həm də kubok oyunları var. Ötən il “İnter” ardıcıl 5 oyun məğlub oldu, sonradan toparlanaraq, çempionluq üçün oynadılar. İndidən demək olmaz ki, sonda necə olacaq. Hələ vəziyyətdən çıxmağa çalışırıq. Hər məğlubiyyətdən sonra başımızı aşağı salıb, gedişatla razılaşsaq, günahkar axtarsaq, vəziyyətdən çıxmaq çətin olacaq. Ona görə də qabağa baxmaq lazımdı. Çalışıb, işləri qaydasına salmaq lazımdı.
– Qış fasiləsindəki transferlərdə seçim sizin idi, yoxsa Roman Qriqorçukun?
– Onu deyə bilərəm ki, fəallıq göstərmədik. Bir neçə namizəd var idi. Bəlkə də indikilərdən daha güclü futbolçular idi. Qriqorçuk bildirdi ki, mən tanımadığım oyunçunu gətirə bilmirəm. Aydındı ki, yeni baş məşqçi öz sistemini komandaya yeritmək istəyir. Oyunçuları seçmək üçün heç bir ay vaxtımız olmadı. O da dedi ki, 3-4 oyuna görə demək olmaz ki, hansı oyunçu mənim oyun sistemimə uyğun gələcək. Ona görə də öz yetirmələrini gətirdi. Ən azı yaya qədər onlarla işləmək istədi. Çünki transfer seçimində vaxt az idi. Yaya qədər yeni heyəti formalaşdırmaq üçün işlər aparacağıq. Oyunçuları analiz etmək üçün də kifayət qədər vaxtımız olacaq. Bütün bu səbəblərə görə onun sözü ilə razılaşdıq ki, dediyi olsun.
– Komandanın arxa xəttində problem olduğu halda yalnız bir müdafiəçi ilə gücləndiniz. Səbəb nə idi?
– Yalnız bir müdafiəçi deyəndə ki, daha bir arxa xətt futbolçusu ilə müqavilə imzalamışıq. Ümumiyyətlə, hazırda Azərbaycanda sol cinah müdafiəçisi problemi var. Demək olar ki, hər klubumuzda sol cinahda legioner oynayır. Bu cinahda yerli futbolçu qıtlığı var. Millimizdə də eyni problem mövcuddu. Müdafiəçi transferinə gəldikdə, Sivakov elə futbolçudu ki, həm müdafiə, həm də yarımmüdafiə də çıxış edə bilir. Limit olduğu üçün mərkəz və cinah müdafiəçilərindən biri yerli futbolçu olmalıdı.
– İsveçli idman yazarı Max Viman bildirib ki, Rikardinyo “Qəbələ”ni pula görə seçib. Bu fikirlə razısınız?
– Əksinə, biz onunla çox aşağı məbləğ qarşılığında 4 aylıq müqavilə imzalamışıq. Əslində, başqa namizədlərimiz də var idi. Danışıqlar apardıqlarımız da oldu, ancaq qiymət məsələsində razılaşmadıq deyə transferlər baş tutmadı. Legioner seçimində səhv etmək istəmirik, ona görə də demək olar ki, hamısı ilə 4-5 aylıq müqavilə imzalamışıq.
– Hazırda Qəbələdə olan Sebai Seninin aqibəti necə oldu?
– İstedadlı futbolçudu. Hazırda düşərgəmizdədi, məşqlərdə özünü yaxşı tərəfdən göstərir. Yüksək səviyyədə olmasada, çalışır ki, ən yaxşısını etsin. Tələsik qərar vermək istəmirik. Bir müddətdən sonra onunla bağlı qərarımızı verəcəyik.
– Rəhbərlik Roman Qriqorçuka nə qədər səbr edəcək?
– Hərdən xəbərləri izləyirəm. Kim evdə boş oturursa, “Qəbələ”ni tənqid etməyə başlayır. İndi deyirlər ki, Qriqorçuku niyə saxlayırlar? Ukraynalı gedəndən sonra isə başlayacaqlar ki, 2 oyun uduzandan sonra onu niyə göndərdiniz, vaxt vermək lazımdı. Açığı, bu cür söhbətlərə fikir vermirik. Oyunçular da Qriqorçukdan razıdılar. İnanıram ki, qısa vaxt ərzində hər şey öz qaydasına düşəcək.
– “Xəzər Lənkəran” üzərində qələbə “Qəbələ”də nəyi dəyişəcək?
– İstəyirik ki, qələbə qazanaq. Komanda özünəinamı qaytarmaq üçün mütləq bu görüşdən qalib ayrılmalıdı. Xal ehtiyatımızı yaxşılaşdıraraq, avrokuboklara gedən yolda irəliləmək niyyətindəyik. Məğlubiyyət isə çox zərbə vura bilər. Vəziyyətimiz daha da gərginləşər.
– Futboçuların maaşlarının verilməməsi xəbərləri gəzir. Doğrudanmı belədi?
– Hardasa 10 gün öncə komandaya yanvar ayının maaşlarını vermişik. Bu söz-söhbətlərdən haradan yaranır, bilmirəm. Əsassız xəbərlərdi. Bu cür problemlər qətiyyən yoxdu.
ZAMİN ALLAHVERDİYEV