Topaz Premyer Liqasının 23-cü turunda “Xəzər Lənkəran”la qarşılaşan “Qəbələ” əzmkar qələbə (3:1) sayəsində hesabına 3 xal yazıb. Futbolinfo.az xəbər verir ki, “qırmızı-qaralar”ın ev oyununda vurduğu qollardan ikisinə müdafiəçilər imza atıb. 
Ekiqo Ehiosunun qolundan sonra əvvəl Ruslan Abışov, ardınca Ürfan Abbasov rəqib qapısına yol tapıb. Matçda son nöqtəni qoyan Abbasov qarşılaşma ilə bağlı fikirlərini klub saytı ilə bölüşüb:
“Xəzər Lənkəran”la oyun bizim üçün çox böyük əhəmiyyət daşıyırdı. Bunadək ardıcıl 3 oyunda xal qazanmadığımızdan bu dəfə qalib gəlməli idik. Məqsədimiz 3 xal idi. Biz də meydana çıxıb, canımızı qoyduq, bütün bacarığımızı nümayiş etdirib, əzmkar qələbə əldə etdik. Bu qələbə növbəti oyunlarda qazanacağımız uğurlara təkan olmalıdı. Növbəti qarşılaşmalara da yalnız 3 xal üçün çıxacağıq. Əsas tilsimi qırmaq idi ki, bunu bacarıb, uğursuzluq zolağından çıxdıq. Qarşıdakı görüşlərə daha yaxşı hazırlaşıb, bunun davamını gətirəcəyik”. 
“Qəbələ”də ən çox oyun keçirən 10 futbolçudan biri olan Abbasov 83-cü matçında 2-ci qolunu vurub. Ötən mövsüm “Rəvan”la 31-ci turun səfər qarşılaşmasında qola imza atan müdafiəçi ilk dəfə doğma meydanda fərqlənib: “Düzdü, “Xəzər Lənkəran”la qarşılaşmada qol vurdum. Amma əsas komandamızın qələbəsi idi. Buna da nail olduq. Açığı, hücumlara qoşulsam da, qol vuracağımı gözləmirdim. Çox sevinirəm ki, bunu bacardım və “Qəbələ”nin qələbəsində rolum oldu. Komandamın heyətində ilk dəfə ev oyununda qol vurdum. Fərqləndikdən sonra da sevincimi məhz azarkeşlərimizlə bölüşdüm. Doğma publika önündə fərqlənmək, sevincini onlarla bölüşmək çox gözəl, inanılmaz hissdi”.
Shares: