Topaz Premyer Liqasının son turunun nəticələri “Qarabağ”ın yolunu bir qədər də hamar etdi. Hər nə qədər tez olsa da, əminliklə demək olar ki, ağdamlılar ötən mövsümlə müqayisədə daha asan çempion olacaq.
Cəmi 9 iştirakçısı olan çempionatımızın “Bakı” kimi iddiasızı var və turu buraxan komandanın mövsümü son pillədə tamamlayacağı şübhə doğurmur. “Sumqayıt” Zaqataladan xalla qayıtsa da, bu komanda, eləcə də artıq heyətini bilərəkdən zəiflətdiyi üçün məğlubiyyətləri sıralayan “Xəzər Lənkəran”avrokubok haqda hətta düşünmür də.
Qalan 6 komandadan AZAL yavaş-yavaş “möhkəm qoz”a çevrilirsə, “Simurq” autsayderə Zaqatalada xal bağışlamaqla çürük flndıq olduğunu göstərdi. Zəiflərlə oyunlarda – xüsusilə evdə – büdrəmələr mövsümün sonunda acı nəticəsini göstərməlidi. “Qəbələ” uğursuz oyunlar seriyasına dünən son qoydu. Amma lənkəranlılar üzərində qələbə hələ sevinməyə əsas vermir. Çünki bu qələbənin memarları da köhnə futbolçular oldu, yeni transferlər heç cür özünü doğrultmur. Roman Qriqorçuk komandasını silkələməsə, Avropaya vəsiqəni başqasına bağışlamalı olacaq. Halbuki xərclənən pulları nəzərə alsaq, Avroliqaya məhz “qırmızı-qaralar” yollanmalıdı.
“İnter” hər nə qədər sabit oynasa da, monoton futbolu ilə seçilir. Bu komandaya qarşı ağıllı taktika, oyun anlayışı ilə çıxdıqda nəticəyə ümid etmək olur. Kaxaber Sxadadze Azərbaycanda məhz buna görə at oynadır, onu təəccübləndirən məşqçilər azdı. Avropada daimi uğursuzluğun da səbəbi budur – orada “İnter”in əzəmətindən əsər-əlamət qalmır, rəqibləri asanlıqla gürcüyə dərs keçir.
AZAL da rəqibindən qorxmadığı üçün heyət baxımından zəif olduğu “bankirlər”dən xal aldı. “Təyyarəçilər”in bir az bəxti gətirsəydi, qonaqlar evı xalsız da dönə bilərdi.
Çempionluğa iddialı digər iki komandanın – “Neftçi”ylə “Qarabağ”ın dueli turun bəzəyi olmalıydı. Son illərdə qızıl medalları başqasına güzəşt etməyən bu cütlüyün dueli parlaq oyun, güzəştsiz mübarizə vəd edirdi. Ancaq təəssüf ki, bakılılar bu tamaşanı korladı. Qapıçı Aqil Məmmədov ən yaxşı günündə olmasaydı, “Qarabağ” meydanda ələ saldığı rəqibinə böyük fərqlə qalib gələrdi.
“Neftçi”də aşkar heyət problemi var və bu amil güclü rəqiblərlə oyunlarda özünü daha qabarıq göstərir. Baş məşqçi Arif Əsədova transfer üçün ciddi büdcə ayrılmadı, qəpik-quruşa isə yalnız Əziz Quliyev kimi cinahda rəqiblərinə dəfələrlə uduzan, yaradılan qol vəziyyətlərinin günahkarı olan müdafiəçi transfer edildi. Maaş almadığı üçün qiyam qaldırıb əvəzedici heyətə göndərilən Ernest Nfora, mövsümün gedişində “Hayduk”a göndərilməsi müəmma olan Ruslan Qurbanova Əsədovun çox ehtiyacı vardı. Amma rəhbərlik sanki məşqçini qurbanlıq seçib, uğuqsuzluq üçün lazım olan hər şeyi edir.
Son oyun da göstərdi ki, “Neftçi”nin matç ərəfəsində hakimliklə bağlı şivən salması elə zəifliyini ört-basdır etməyə hesablanıb. Əliyar Ağayev əla oyun idarə etməklə vicdanının təmizliyini sübut etdi, eyni zamanda belə problemin başqalarında olduğunu göstərdi. Bakılılar yaxşı olardı ki, kiməsə ləkə yaxmaqdansa, öz oyunlarındakı yirtıqlara yamaq vursunlar. “Qarabağ” onsuz da çempionluq yarışının aşkar favoritidi, “Neftçi” heç olmasa, medalçılar sırasına düşmək istəyirsə, qoy rəhbərlik klubdaxili ab-havanı qaydaya salsın.
FƏRİD
Shares: