Qarın gec yağmasının, ümumiyyətlə, yağmamasının bir fəsadı olmalıydı. Mikrobları,ziyanvericiləri məhv edən qar Bakıya qonaq gəlməyəndə ürəyimə dammışdı ki, xəstəliklər baş alıb gedəcək.
Və budur, qarın yağmaması kimlərinsə başının da xarab olmasına səbəb olub. AFFA-nın hazırladığı təqdimata baxandan sonra buna əmin oldum.
Məsələ ondadı ki, Klublar Komitəsinin fevralın 3-də və 13-də keçirilmiş iclaslarında yeniyetmə və gənc futbolçuların məvaciblərinə limit tətbiq olunması müzakirə edilmişdi. Bundan sonra qurumun müraciətinə əsasən, bu məsələ AFFA-nın İcraiyyə Komitəsinin martın 6-da keçiriləcək iclasında masaya şıxarılmalıydı. Bunu nəzərə alaraq, AFFA beynəlxalq təcrübəni araşdıraraq təqdimat hazırlayıb. Təqdimatda dünyanın müxtəlif ölkələrində və ayrı-ayrı idman növlərində oyunçuların məvaciblərinə, həmçinin ümumilikdə klubların maaş büdcəsinə limit tətbiq olunması ilə bağlı faktlar, eyni zamanda 2013/14 və 2014/15 mövsümlərində Azərbaycanda U-23 oyunçuların transfer məlumatları öz əksini tapıb.
Elə başın xarab olması ilə bağlı şübhələrim də həmin təqdimata diqqət yetirəndən sonra yarandı. Gör baş katib Elxan Məmmədovun mənasız ideyasını reallaşdırmaq üçün işçiləri necə “heyrətamiz” müqayisə aparıb. Təsəvvür edin ki, Topaz Premyer Lqasında limit tətbiq etmək üçün Məmmədovun “dahi” kadrları İngiltərə, Fransa, Avstraliya, Yeni Zelandiya və Uelsin Reqbi liqalarını, ABŞ-ın qadn futbol liqasını və mini-futbol liqasını, komanda limiti 50 milyon avrodan yüksək olan Milli Hokkey və Milli Basketbol Liqalarını nümunə gətirən “ağıllılar” futbolla bağlı ciddi fakt tapa bilməyiblər. Təsəlli kimi, Rusiyanın aşağı dəstəsini, bir də Avstraliya çempionatı kimi ekzotik birincilikləri siyahıya salan AFFA rəsmilərinin Klublar Komitəsinin yeni ideyasına don geyindirmək cəhdinə yalnız gülmək olar.
İndi İcraiyyə Komitəsinin martın 6-dakı yığıncağını gözləyək. Qurum üzvləri yenə baş katibin sifarişinə əl qaldırıb səs verəcəksə, elə onların da savadına, biliyinə heyran olacam. Bəri başdan nə olacağını bildiyimdən sözümü də indidən deyirəm: BAŞINIZA QAR ƏLƏYİM.
CAVAD