“Qəbələ”nin yeni transferi Rikardinyonun Futbolinfo.az saytına müsahibəsi
 
 
– Bir neçə müddətdir ki, Qəbələdəsiniz. İlkin təəssüratınızı bilmək istərdik.
– Bir neçə gün olar ki, buradayam. Özümü yaxşı hiss edirəm. “Qəbələ”də hər şərait var. “Neftçi” ilə oyunu izləmişəm . İlk hissədə yaxşı oynasalar da, ikinci hissədə istədiklərini edə bilmədilər. Bunun nəticəsində də məğlub oldular. Düşünürəm ki, bu komanda ilə uğur qazanmaq olar.
 
– “Qəbələ”nin müdafiə xəttində, xüsusilə də sol cinahında problem var. Rəhbərlik məhz bu səbəbdən sizi transfer edib. Sizin çıxışınızla sol cinahda problem olmayacaq ki?
– Ümid edirəm ki, problem olmayacaq. Bəlkə mən heç əsas heyətə düşə bilmədim. Hər şey ola bilər. Əsas komandanın yaxşı çıxış etməsidi. Mən bura gəlmişəmsə, demək, özümə güvənirəm.
 
– 2014-cü ilin dekabrında İsveçin “Malmö” klubu sizə yeni müqavilə təklif etsə də, bundan imtina etdiz. Demək olar ki, iki ay vaxt keçib. “Qəbələ”yə isə yaxınlarda gəlmisiz. Başqa klublarla danışıqlarınız alınmadığı üçün “Qəbələ”yə gəldiz?
– Axırıncı oyunum dekabrın 9-da Çempionlar Liqasında “Olimpiakos”a qarşı oldu. Ondan sonra müqavilə təklif etsələr də, qəbul etmədim. Bundan sonra istirahət etmək üçün Braziliyaya getdim. İtaliya B seriyasından bir klubdan təklif almışdım. Amma qəbul etmədim. Düzü, “Qəbələ” haqqında heç bir məlumatım yox idi. Bir qədər tərəddüd etdim, ancaq agentim bildirdi ki, “Qəbələ” yaxşı komandadı. Birinci seçimim Avropada qalıb, burada hansısa klubda çıxış etmək idi. Ona görə də “Qəbələ”ni seçdim.
 
– İki ay klubsuz qalan futbolçunun formada qalması mümkün deyil.
– Braziliyada məşqlər edirdim. Yaxın dostlarım var ki, bu işdə mənə kömək oldular. Təbii ki, fərdi məşq etməklə komanda ilə məşq etmək eyni deyil. İndi isə “Qəbələ”dəyəm. Komandaya uyğunlaşmaq üçün daimi məşqlər edirəm.
Shares: