Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində keçirilən AZAL – “İnter” matçı sülhlə bitsə də, qarşılaşmanın sonunda atəşkəs pozuldu. “Təyyarəçilər”in üzvü Elton Yaqublunun zədələndiyi epizodda rəqibin – ehtiyat oyunçular skamyasında əyləşmiş Baçana Sxadadzenin ona sərt reaksiyası göstərməsi aləmi bir-birinə qatdı. Nicat Qurbanovun gürcü futbolçuya “kəs səsini” deməsi isə Sxadadzeni özündən çıxardı.
Maraqlıdı ki, Baçananın da cavabı gecikmədi. O, hər kəsin gözü önündə Qurbanova “səninlə kənarda söhbət edərik” deməkdən çəkinmədi.
Qarşılşamanın baş hakimi Fariz Yusifov final fitini səsləndirəndə AZAL-ın çalışdırıcısı Tərlan Əhmədov futbolçulara sakit olmağı tövsiyyə etdi. O, futbolda belə halların baş verdiyini, məsələni şişirtməyin lazım olmadığını onların diqqətinə çatdırdı. Buna baxmayaraq, Əhmədovun futbolçuları sakitləşdirmək cəhdi alınmadı. Bunda “İnter”in baş məşqçisi Kaxaber Sxadadzenin də böyük rolu olduğunu desək, yanılmarıq. Gürcü mütəxəssis futbolçularını sakitləşdirmək əvəzinə, alovun üzərinə benzin tökmək niyyətindəydi.
Qığılcımın alovlanmasına isə “İnter”in futbolçusu Derlis Meza Kollinin arxadan gələrək, Viktor İqbekoyinin saçının dartması oldu. Nigeriyalı saçının yolunmasından xoşu gəlmədiyi üçün Derlisi baş zərbəsi ilə yerə sərmək istəsə də, fikrindən vaz keçdi. İtaliyalı futbolçunun həmin anda artistlik etmə qabiliyyətinə isə Oskar mükafatı düşür. Elə bundan sonra da hər iki tərəfin futbolçuları və texniki heyəti yaranmış mübahisəni soyunub-geyinmə otaqlarına gedən koridorda davam etdirdi.
Təəssüflər olsun ki, hadisələrin cərəyan etdiyi koridorda nələrin baş verdiyinə şahidlik edə bilmədik. Bu işdə AFFA nümayəndəsi Sakin Məmmədzadənin də xüsusi rolu olduğunu söyləmək yerinə düşərdi. Maraqlıdı ki, Məmmədzadə həmin an özünü AFFA nümayəndəsi kimi yox, klub rəsmisi və ya təhlükəsizlik xidmətinin əməkdaşı kimi aparırdı. O, media nümayəndələri ilə yanaşı, Peşəkar Futbol Liqasının əməkdaşları və operatorlarını da hadisə yerinə buraxmadı. Çox güman ki, AFFA İntizam Komitəsi həmin hadisə ilə bağlı yekun qərar qəbul edəndə PFL operatorlarının qeydə aldığı videolgörüntülərə də baxacaqdı.
Əslində “İnter”in ciddi islah olunmasına gərək var. Nəzərə alaq ki, yadellilərin işğal etdiyi paytaxt klubunda özbaşınalıq davam edir. Və təəssüflər olsun ki, bunun üçün klub rəhbərliyi hər hansı bir ciddi tədbir görmür. Matçdan sonra “İnter”in vitse-prezidenti Müzəffər Novruzəliyev də öz vəzifəsini unutmuşdu. PFL-in media nümayəndələrinə verdiyi akkrditasiya vəsiqələrini heçə sayan Novruzəliyev hadisənin düzgün şəkildə işıqlandırılmasında jurnalistlərə mane oldu. Polis əməkdaşlarına jurnalistlərin mətbuat konfransının təşkil olunduğu otaqdan bayıra buraxmamağı tapşıran Müzəffər bəy görünür, komandasının qəbahət iş gördüyündən xəbərdar idi.
EMİN SƏFƏROV