Topaz Premyer Liqasının 23-cü turunda ezam olunduğum “Qəbələ” – “Xəzər Lənkəran” oyununun start fiti səslənəndə yerli azarkeşlər çox həyəcanlı idi. Meydan sahiblərinin ardıcıl uğursuz nəticələri onları təşvişə salmışdı. Bu matçda da qələbə əldə olunmasaydı, qəbələlilər mövsümün fiaskoya dönməsinə alışmalı olacaqdı.
Elə bu səbəbdəndi ki, Rəhim Həsənov oyuna başlamaq işarəsi verəndə azarkeşlər də “başladı”: “Rəhim, kişi kimi idarə et”. Ancaq digər maraqlı məqam o idi ki, bir qəbələli oyuna azarkeşsiz gələn “Xəzər Lənkəran”ı dəstəkləyirdi.
İlk dəqiqələrdən “Qəbələ” futbolçularının meydana mütləq qələbə üçün çıxdığı hiss olunurdu. Çox aqressiv görünürdülər – lap azarkeşləri kimi. Hər qayda pozuntusunda, kiçik olayda belə etiraz bildirilirdi.
Fasiləyədək “Qəbələ” futbolçuları iki oyuna bəs edəcək qədər qol vəziyyətini sağa-sola xərcləməklə məşğul oldu. Nə Dodo, nə Viktor Mendi, nə də Ekiqo Ehiosun əlinə düşən fürsətlərdən yararlana bilmirdi. Əvəzində uzun aradan sonra sevimli mövqeyində oynayan Ruslan Abışov “Xəzər Lənkəran”ın yarımmüdafiəçisi Sadio Tounkaraya “hədiyyə” etdi. Legioner millimizin üzvünün topla ləng davranmasından istifadə edib 33-cü dəqiqədə hesabı açdı.
Psixoloji durumu bir az da korlanan “Qəbələ” futbolçuları fasilədə baş məşqçidən hansı tapşırığı aldılarsa, ikinci hissəyə tamam fərqli başladılar. 48-ci dəqiqədə Ekiqo Ehiosun cinah ötürməsini dəqiq qapadı, bununla da qonaqların stressli anları başladı. “Xəzər Lənkəran” futbolçularının müdafiəyə “oturması” da onlara baha başa gəldi. Qonaqların gənclərdən qurulmuş heyətinin təcrübəsizliyi də evə xalla qayıtmalarına imkan vermədi. 77-ci dəqiqəsində ilk hissədə kobud səhv edən Abışov qolla öz günahını yudu.
Ən arzuolunmaz məqam Rəşad Sadiqovun meydana daxil olandan 1 dəqiqə sonra əzələsini dartması oldu. Qriqorçuk keçmiş komandasına qarşı oynaya bilməyən və meydanı xərəkdə tərk edən futbolçunun əvəzinə Ruslan Fomini oyuna daxil etdi. Amma görüşdə son qolu da ukraynalı çalışdırıcının yeni transferlərindən biri yox, klubun yetirməsi Ürfan Abbasov vurdu.
Oyundan sonra qəbələli azarkeşlərin gülər üzünü görməyə dəyərdi. Onlar da Qriqorçuk, futbolçular və klub rəsmiləri kimi rahat nəfəs aldılar.
ZAMİN ALLAHVERDİYEV, Bakı – Qəbələ – Bakı
Shares: