Avrokuboklara vəsiqə qazanmağı hədəfləyən “Qəbələ”nin müdafiə xəttində ciddi problemlərin olduğu heç kimdə şübhə doğurmur. Futbolinfo.az xəbər verir ki, yeni transfer Rikardinyonun da heyətə cəlb olunması bu problemi aradan qaldırmağa hesablanıb.  
Maraqlıdı ki,  braziliyalya qədər əyalət təmsilçisi başqa bir futbolçu ilə də danışıqlar aparırmış. Əldə etdiyimiz məlumata görə, bu, sabiq “Qalatasaray”lı Albert Rieradı. “Qəbələ” rəhbərliyi İspaniya millisinin sabiq üzvünü heyətə qatmaq üçün uzun müddət danışıqlar aparıb. Ancaq 32 yaşlı sol cinah müdafiəçisi son anda seçimini başqa klubdan yana edib. Bu transfer alınmadığından “qırmızı-qaralar”  Rikardinyonu heyətə qatmağa razılıq verib.
Qeyd edək ki, Albert Riera futbolçu karyerasına ölkəsinin “Malyorka” klubunda başlayıb. 2003-cü ildə Fransanın “Bordo” klubuna transfer olunan ispaniyalı burada 53 oyun keçirdikdən sonra vətəninə qayıdaraq, “Espanyol”un şərəfini qoruyub. 2006-cı ildə “Mançester Siti” klubunda icarə əsasında çıxış edən Albert 2 il sonra İngiltərənin “Liverpul” klubunun uğurları üçün də çalışıb. Futbolçu Yunanıstanın “Olimpiakos” klubuna transfer olunduqdan sonra “Qalatasaray”ın baş məşqçisi Fatih Terimin diqqətini cəlb edib. Türk mütəxəssisin israrı ilə “sarı-qırmızılar” transfer olunan Riera 3 il İstanbul təmsilçisinin heyətində çıxış etdikdən sonra İtaliyanın “Udinize” klubuna yollanır. Futbolçu son olaraq, icarə əsasında İngiltərə aşağı liqa təmsilçisi “Uotford”da çıxış edib. Maraq üçün bildirək ki, Riera 16 dəfə İspaniya millisinin formasını geyinib.
Shares: