Dünən Topaz Premyer Liqasının 23-cü turu çərçivəsində baş tutan oyunlardan biri də Zaqatalada keçirildi. Yerli “Simurq” öz meydanında elə də güclülərdən olmayan ”Sumqayıt”la qarşılaşmalı idi. Niyə məhz "idi"? Çünki oyunun baş tutmayada bilərdi. 1 gün öncədən qar yağdığından meydan tamamilə qarın altında qalmışdı.
Səhər tezdən stadionun işçiləri meydançanı hazır vəziyyətə gətirmək üçün var gücləri ilə çalışırdılar. Ümumiyyətlə, oyunun başlamasına 5-6 saat qalmış Zaqatalaya çatdığımdan oyunöncəsi hazırlıqları görmək imkanım yetərincə idi. Bir tərəfdə xadimələr tribunadakı oturacaqları tək-tək silib, oyun vaxtına kimi hazır etməyə çalışır, digər tərəfdə isə meydança təmizlənirdi. Təxminən oyunun başlamasına 3 saat qalmış artıq bütün meydança qardan təmizlənmiş və matçın başlaması üçün heç bir problem qalmamışdı.
Səfər oyunlarında belə sevimlilərini yalnız buraxmayan zaqatalalı azarkeşlər yenə iş başında idilər. Havanın soyuq olması da onların qarşısını ala bilməmişdi. Həmişəki kimi, qarşılaşma başlayan kimi komandanı irəli səsləyən fanatların bu oyunda qələbəyə ümidi böyük idi. Axı rəqib də turnir cədvəlinin son sırlarından qərar tutanlardan idi. Elə bu minvalla da oyuna başlayan zaqatalalı futbolçular ilk dəqiqələrdən rəqibi qapısına doğru sıxışdırmağa çalışırdı. Ön xəttə oynayan futbolçuların bir-birləri ilə gözəl anlaşması, qısa paslardan istifadə etməsi xüsusi nəzərə çarpırdı. Amma çoxsaylı hücumlara baxmayaraq, komandada son nöqtəni qoyan futbolçu tapılmırdı. Qonaqlar isə, hiss olnurudu ki, meydana məğlub olmamaq üçün çıxıblar.
İlk hissənin gedişində meydan sahibləri şansları boş verincə, qonaqların nadir hücumlarından biri qolla nəticələndi. Bu yerli fanatlar üçün, elə futbolçular üçün də gözlənilməz oldu. Qol sevincini ehtiyat oyunçular skamyasında əyləşən qonaq komandanın futbolçularının çılğıncasına qeyd edtməsi yerli fanatları bir az da özündən çıxartdı. Çünki skamya yerli fanatların əyləşdiyi tribunaya çox yaxındı.
Lakin buna baxmayaraq, ilk hissənin sonlarına əlavə edilmiş dəqiqələrdə meydan sahibləri nəhayət ki, tarazlığı bərpa edə bildilər. İlk hissə bu hesabla da başa çatdı. İkinci yarıda isə meydan sahibləri ərazi üstünlüyünü tamamilə ələ aldılar. Rəqibi qapısına doğru sıxışdıran Zaqatala təmsilçiləri ilk hissədə olduğu kimi yenə çoxsaylı imkanlardan istifadə edə bilmir, qonaqlar isə hər vəclə hesabı qorumağa çalışırdı. Sumqayıtlı futbolçuların tez-tez yalandan özünü yerə atması isə zaqatalalı azarkeşlər tərəfindən fit və uğultu səsləri ilə qarşılanırdı. Ümumiyyətlə, meydan sahiblərinin tərəfdarları bu oyunda çox fəal idi. Onlar rəqibi daim təzyiqdə saxlayırdı.
Elə oyunun hakimlər briqadasına da təzyiq etməyə çalışan fanatlar tez-tez onları “xoş” sözlərə qonaq edirdi. “Simurq” əlehinə verilən əksər qərarlardan sonra ədalət təmsilçisi yerli fanatlar tərəfindən kütləvi şəkildə təhqirə məruz qalırdı. Hətta epizodların birində topun “Simurq”lu futbolçu İlkin Qırtımovun ayağından çölə çıxdığı açıq-aşkar görünəsə də, yenə də gənc referi azarkeşlərin təhqirinə məruz qaldı.
Qeyd etmək lazımdır ki, Orxan Məmmədovun idarə etdiyi hakimlər briqadası qarşılaşma ərzində ciddi bir səhvə yol vermədilər. Elə Məmmədovun oyunun bitdiyini bildirən fitindən sonra "Kərəmi ağlamaq tutdu". Zaqatala dumana, qara qərq olmuşkən komandanın uğursuzluğundan sonra da yerli azarkeşləri və futbolçuları da məyusluq bürüdü. Onlar evdə autsatderə xal verməyi həzm edə bilmirdilər. Hesab “Simurq”lu futbolçuların kefini yaman pozmuşdu. “Sarı-qaralar”ın yarımmüdafiəçisi Elnur Abdullayev oyundan sonra klub avtobusuna doğru hərəkət edərkən belə məyus şəkildə başını yelləyirdi.
ELMAR ABDULLA-ZADƏ, Bakı – Zaqatala – Bakı