Topaz Premyer Liqasının 24-cü turunda "Bakı" səfərdə "Xəzər Lənkəran"ın qonağı oldu. Futbolinfo.az xəbər verir ki, yetərincə gərgin keçən qarşılaşmanın sonunda cənublular meydandan 2:1 hesablı qələbə ilə ayrıldı.
Ev sahibinin hər iki qolunu Ağabala Ramazanov vurduğu halda, bakılılarda elitanın bombardiri Nurlan Novruzov fərqləndi. Gənc hücumçu qol vurmaqla yanaşı ikinci hissədə daha bir hərəkətlə yadda qaldı. Belə ki, "Xəzər Lənkəran" cərimə zərbəsi yerinə yetirən zaman canlı səddə tək dayanan Novruzov  topun qarşısını akrobatik fəndlə aldı. Saytımıza açıqlama verən Nurlan oyun haqda fikirlərini bildirməklə yanaşı, bir neçə saat ərzində "Youtube"də 1500-ə yaxın izlənilən qeyri-adi hərəkətinə də aydınlıq gətirib:
"Oyun haqda çox şey danışmaq istəmirəm. Mənim üçün heç də yaxşı gün olduğunu söyləmək olmaz. Hakim ofsayd olmayan epizodda vurduğum qolu saymadı. Bundan başqa başla vurduğum digər zərbə qapı tirinə tuş gəldi. Bəhs edilən epizoda gəldikdə isə, bu, ani bir hiss idi. Həmin epizodda topu qeyri-adi hərəkətlə qaytarmağı məşq etməmişdim. Sadəcə, hissiyat rol oynadı desək, daha doğru olar. Düzü alınmayacaq, matçı izləyənlər mənə güləcək deyə qorxmadım. Qorxsaydım, futbolçu olmazdım".
Shares: