Futbol üzrə əsas millimizlə yanaşı, U-21 yığmamız da fevralın 20-dən 26-dək Türkiyənin Antalya şəhərində təşkil olunmuş təlim-məşq toplanışında iştirak edib. Amma AFFA hər iki yığmamıza heç də eyni münasibəti göstərməyib.
Futbolinfo.az-ın əldə etdiyi bilgiyə görə, əsas yığmanın heyətinə cəlb olunmuş futbolçuların gündəlik pulu hazırlıq müddətində ödənilsə də, U-21-in üzvlərinə "gözləyin" deyilib. Görünür, assosiasiya rəhbərliyi öncəliklə əsas yığmamızın çalışdırıcısı Robert Prosineçkinin yanında xəcalətli olmamağın vacibliyini hiss edib. 21 yaşadək futbolçulara cavabdeh olan Yaşar Vahabzadəyə isə "özümüzünküdü" münasibəti göstərilib.
Bizdə olan bilgiyə görə, gənclər yığmamızın üzvlərinə 10-20 gün müddətində gündəlik pulların ödəniləcəyi ilə bağlı vəd verilib. Sözsüz ki, bu pul futbolçuların gündəlik xərcliyi üçün nəzərdə tutulub. Futbolçu üçün isə Bakıya qayıtdıqdan sonra həmin xərclik pulunun ödənilməsi elə də böyük əhəmiyyət daşımır.
Hesabatda ödənilən məbləğin nə qədər qeyd olunduğunu bilməsək də, bizə verilən məlumata görə, hər futbolçuya gündəlik 75 manat ödənilir. Ümumilikdə isə toplam məbləğ 10 min manat civarındadı.
Shares: