Topaz Premyer Liqasının 24-cü turunun “Xəzər Lənkəran” – “Bakı” oyununda maraqlı hadisə yaşanıb. Belə ki, “Bakı”nın hücumçusu Nurlan Novruzov qeyri-adi hərəkətlə yadda qalıb. 
"Xəzər Lənkəran" cərimə zərbəsi yerinə yetirən zaman canlı səddə tək dayanan Novruzov  topun qarşısını akrobatik fəndlə aldı.  Bu hərəkətin futbol oyun qaydaları çərçivəsində olub-olmamasını öyrənmək məqsədi ilə keçmiş referilər Tahir Süleymanov və Elçin Məmmədovun fikirlərini öyrəndik.
Qeyd edək ki,  Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovla da əlaqə saxlamaq istədik. Təəssüflər olsun ki, komitə sədri gələn zənglərə cavab vermədi.
Tahir Süleymanov: “Həmin epizodda hər hansı bir qayda pozuntusu yox idi. Çünki Nurlan Novruzovun hərəkəti zamanı ona yaxın olan futbolçu yox idi. Rəqib futbolçuya təhlükə yaratmadığına görə qayda pozuntusu yox idi. Amma bir məqam var. Novruzov 9.15 metrlik məsafəni pozur. Xüsusi vurğulamaq istəyirəm ki, etdiyi hərəkətə görə yox, 9.15 metrlik məsafəyə riayyət etmədiyi üçün cərimə təkrarlanmalı idi. Çünki “Xəzər Lənkəran”lı futbolçu topa oyuna daxil etmədən “Bakı”nın futbolçusu akrobatik hərəkət etməklə rəqibə yaxınlaşdı. Belə olduqda isə Novruzovla top arasında 3-4 metrlik məsafə yarandı. Buna görə hakim oyunu saxlamalı və Nurlan Novruzova 9.15 metrlik məsafəni pozduğuna görə sarı vərəqə göstərməli idi. Cərimə zərbəsi yenidən təkrarlanmalı idi. Bu cür hərəkətə dünya futbolunda az rast gəlinir. Yadınıza gəlirsə, Cənubi Amerikalı qapıçı İquita belə hərəkətlərdən istifadə edirdi. Yenə deyirəm, hərəkətə görə yox, məsafə pozulduğuna görə cərimə təkrarlanmalı idi. Baş hakim səhvə yol verir. Cərimə zərbəsi təyin olunan kimi rəqib futbolçular məsafəyə riayyət etməyə borcludular”.
Elçin Məmmədov: “Cərimə zərbəsi zamanı “Bakı”nın futbolçusu Nurlan Novruzov canlı səddə tək dayanır. “Xəzər Lənkəran”lı futbolçu topu oyuna daxil etdiyi zaman Novruzov 2-3 addım qabağa gələrək, akrobatik hərəkət edir və top onun ayaqlarına dəyir.  Bu epizoda uyğun olaraq, Novruzov 9.15 metrlik məsafəni pozmuş olur. Belə olduqda isə cərimə yenidən yerinə yetirilməli və qaydanı pozan oyunçu sarı vərəqə ilə cəzalanmalıdı. Ümumiyyətlə,  Nurlan qaydalardan kənar heç bir hərəkət etmir. Çünki onun ətrafında nə komanda yoldaşı, nə də rəqib futbolçu var. Nurlan 9.15 məsafəni pozmayıb, 10 metrlik məsafədə dursaydı və  bu hərəkəti etsəydi,  qaydalar çərçivəsində olardı. Topa ayaqla toxunduğuna görə heç bir qayda pozuntusundan söhbət gedə bilməz. Amma oyun məsafəsi deyilən anlayış var. Yəni həmin məsafə 2 metrə yaxın olan məsafədi. Bu oyunçunun əl və qollarını sağa-sola açıb, dövr etdiyi hərəkətdi. Oyun məsafəsində onun komanda yoldaşı və yaxud  rəqib oyunçu onun yanında olardısa, o hərəkət olardısa, onda təhlükəli oyun epizodu olacaqdı. Təhlükəli epizod zamanı isə baş hakim sərbəst zərbə təyin edəcəkdi.  Əgər o hərəkət zamanı topa oyunçuya dəyirsə, hakim üstünlük prinsipi verə bilər. Top həmin oyunçuya dəyib, qol olursa, hakim qolu saymalı, oyunçuya sarı vərəqə göstərməlidi. Çünki məsafəni pozur. Bu epizodun yozumunun 3-4 fazası var. Epizodun yerindən və duruşdan çox şey asılıdı”.
ZAMİN ALLAHVERDİYEV
Shares: