Portuqaliyada olan AZAL-ın baş məşqçisi Tərlan Əhmədov çalışmalarını davam etdirir. Futbolinfo.az xəbər verir ki, 43 yaşlı mütəxəssis PRO kateqoriyalı məşqçilik lisenziyasının şərtlərinə uyğun olaraq, adıçəkilən ölkədə “Pakuş  Ferreyra” klubunda təcrübə keçir.
Fevralın 25-dən Pireney yarımadasında olan Əhmədov artıq Portuqaliya klubunun baş məşqçisi Paulo Fonseka və məşqçilər korpusunun digər üzvləri ilə görüşüb. Klub muzeyində də olan Əhmədov eyni zamanda “Pakuş  Ferreyra”nın əsas və əvəzedici komandalarının məşqlərini izləyib. O, klubun akademiyasının fəaliyyəti ilə yaxından tanış olmaq şansı da qazanıb.
Bu gün isə Tərlan Əhmədov son 8 ildə 4 dəfə avrokuboklarda oynamış, ötən mövsüm Avropa Liqasının qrup mərhələsində çıxış etmiş, hazırda Primeyra Liqada 8-ci pillədə qərarlaşan və avrokuboklara vəsiqə uğrunda mübarizə aparan komandanın çempionat çərçivəsindəki “Belenenseş”lə səfər matçını stadiondan canlı izləyəcək. Görüş Bakı vaxtı ilə gecə yarısı (00:00) başlayacaq.
Sonda onu da bildirək ki, Tərlan Əhmədov martın 3-də vətənə qayıdacaq və “Neftçi” ilə ölkə kubokunun ilk 1/4 final matçında komandasının başında olacaq.
(Klub saytı)
Shares: