“Qəbələ”nin vitse-prezidenti Fariz Nəcəfovun futbolinfo.az saytına müsahibəsi.
– Son iki oyunda “Qəbələ” meydandan 3 xalla ayrılan tərəf olub.  Komandanızda vəziyyətin artıq düzəldiyini demək olar?
– Komanda yavaş-yavaş düzəlməyə başlayıb. Bilirsiz ki, məşqçi yenidi. Heyətə yeni futbolçular da var. Daha yaxşı nəticə gözləyirdik. Amma təəssüflər olsun ki, çox xal itirdik. Buna baxmayaraq, komanda tədricən özünə gəlir. Nəticədən kənarda hər şey qaydasındadı olub və olacaq da. Oyun üslubunun davamlı şəkildə olmasını isə qarşıdakı matçlar göstərəcək.
– “Xəzər Lənkəran” üzərində qələbə qazanacağınız gözlənilən olsa da, “Qəbələ”nin Premyer Liqanın lideri “Qarabağ”ı məğlub edəcəyi inandırıcı deyildi. Çünki ağdamlılar qış fasiləsindən sonra məğlubiyyətin nə olduğunu bilmirdi. Qələbə qazanacağınızı  gözləyirdinizmi?
– Komandamız hər oyuna qələbə üçün çıxır. Çünki itirilən xalları bərpa etməliyik. Bu, birmənalıdı. İddiamız varsa, rəqibin kimliyinə baxmalı deyilik. Düzdü, “Qarabağ” çempionatın ən səviyyəli, ən oturuşmuş komandalarından biridi. Bəlkə də birincisidi. Ağdam təmsilçisi ilə oyunda meydana qələbə üçün çıxmışdıq. Ancaq komandamızın bu səviyyədə oynayacağını gözləmirdik. Şəxsən mən gözləmirdim. Futbolçular əzmkarlıq göstərməsi, məşqçinin rəqibi düzgün analiz etməsi 3 xal qazanmağımızla nəticələndi. 
– “Qəbələ” öz meydanında hərdən autsayder komandalarla görüşdə xal itirir. Komanda hərdən gözlənilmədən məğlub olur. Növbəti turda da doğma azarkeşləriniz önündə “Sumqayıt”ı qəbul edəcəksiniz. Sizə elə gəlmir ki, “Qəbələ”nin “Sumqayıt”la oyunda xal itirsə, bu, gözlənilməz nəticə olacaq? 
– Ümumiyyətlə “Qəbələ”nin bu məsələləri mətbuatda çox müzakirə olunub. Bunun bir səbəbi var: hər kəs bilir ki, “Qəbələ”də stabil, 3-4 il çalışan məşqçi olmayıb ki, komandanın öz oyun sistemini qursun. Bunun nəticəsində də sensasiya sayıla biləcək nəticələr qeydə alınır. Buna hər dəfə ümid edirik. Ancaq inkişaf yolunda çətinliklər olur. İnanıram ki, yeni məşqçimizlə uzun müddətli işləyəcəyik. Komandamızın qarşıdan gələn “Sumqayıt”la oyunda da “Qarabağ”a qarşı sərgilədiyi futbolu ortaya qoyacağına inanıram. Mənə elə gəlir ki, bununla da bu məsələ başa çatdı. Hazırda “Simurq”la oyunu fikirləşirik. Kubokda Zaqatala təmsilçisi ilə oyunda uğurlu nəticə qazanacaq, sonrasına baxarıq.
– Adrian Ropotanın artıq komandadan göndərildiyi deyilir. Bu, nə dərəcədə doğru məluamtdı?
– Belə bir şey yoxdu. Onunla müqaviləmiz var. Sadəcə, bəzi məsələlərlə bağlı ona icazə verilmişdi. Bu gün də komandaya qayıtmalı idi. Komandaya qoşulacaq.
EMİN SƏFƏROV
Shares: