Topaz Premyer Liqasının 24-cü turunda Lənkəranda yerli komanda ilə “Bakı” arasında baş tutan qarşılaşmanı idarə edən hakimlər briqadası öz işinin öhdəsindən heç də yüksək səviyyədə gəlmədi. Ömər Paşayevin rəbərlik etdiyi ədalət təmsilçiləri oyunun nəticəsinə təsir edən ciddi səhvə yol verdi. Belə ki, matçın  23-cü dəqiqəsində “Bakı”nın hücumçusu Nurlan Novruzovun qaydalar çərçivəsində vurduğu qol qeydə alınmadı. 
Oyunun yan xətt hakimi Namiq Hüseynov elitanın bombardirinin vurduğu qolu ofsayd kimi dəyərləndirdi. Maraqlıdı ki, həmin oyundan sonra qonaq komanda hakimlərin idarəçiliyi ilə bağlı AFFA-ya öz narazılığını bildirməyib. Hələlik, bu barədə heç bir rəsmi məlumat da yoxdu.
Bu da başadüşüləndi. “Bakı”nın  maliyyə problemlərinin olduğunu, heç bir iddiası qalmadığını nəzərə alsaq, hazırkı durumda ona dəstək çıxan AFFA-ya etiraz etmək ağılsızlıq olar. Belə vəziyyətdə Hakimlər Komitəsinin sədri Xaqani Məmmədovun bəxtinin gətirdiyini desək, yanılmarıq.
Çünki belə kobud səhv aut davası edən “Neftçi”nin və ya referilərdən tez-tez narazı qalan “Sumqayıt”ın oyununda baş versəydi, onda aləm bir-birinə dəyəcəkdi. Klub rəsmilərinin matçın gedişində hakimləri oyuna təyin edəni təhqir, mətbuat vasitəsi ilə isə sərt şəkildə tənqid edərdi. Yenə, Məmmədov istefaya çağrılar, AFFA-da danlanardı ki, yüksək səviyyədə təlim-məşq toplanışı keçirilməsi üçün şərait yaradılıbsa, bu səhvlər nəyə görədi?
Xaqani müəllim neçə gündü ki, mətbuatdan qaçır. Bu da səbəbsiz deyil. Çox güman ki, o da Ömər Paşayevin rəhbərlik etdiyi hakimlər briqadasının ciddi səhvə yol verdiyini qəbul edib. Dəqiq olan odu ki, PFL operatorlarının qeydə aldığı görüntülərdən həmin epizoda dəfələrlə baxıb. Və yenə də şükür edir, şükür edir ki, həmin oyunda “Xəzər Lənkəran”ın rəqibi “Neftçi” olmayıb. Əks halda nələrin olacağını təsəvvür etmək belə çox çətindi…
Bəli, cənab Məmmədov deyə bilər ki, hakim də insandı, səhvə yol verə bilər. Onda belə çıxır ki, oyunun sonlarında rəqib futbolçunu vuran, qırmızı vərəqə aldıqdan sonra isə  hər kəsin eşidəcəyi tonda yan xətt hakimini söyən “Xəzər Lənkəran”ın üzvü Ağabala Ramazanovu da bağışlamaq olar? O da insandı axı, futbolçu da əsəblərinə hakim olmayıb, səhv hərəkət yol verə bilər. Xaqani bəy, elədi? Elə deyil axı…
Cənab Məmmədov, gəlin qəbul edək ki, hakimlərimiz siz dediyiniz qədər heç də perspektivli deyil. Son turlarda ciddi hakim səhvlərinin olması bunu deməyə əsas verir. Sizin sadəcə, bəxtiniz gətirib. Bəxtiniz onda gətirib ki, ədalət təmsilçilərinin ciddi səhvləri centlimenliyini qoruyan “Qarabağ”ın, imkansızlığına görə AFFA qarşısında susmağa məcbur olan “Bakı”nın, bir də dava-dalaşla elə də arası olmayan “Qəbələ”nin oyunlarında baş verib. Ya “Neftçi”nin oyununda olsaydı?
EMİN SƏFƏROV
Shares: