Qozbeli qəbir düzəldər. AFFA-nın bugünkü konfransında baş verən bəzi olaylar da bu atalar sözünün təsadüfi deyilmədiyini isbatladı.
İcraiyyə Komitəsinin iclası başlamamış, hesabat-seçki konfransından həmən sonra bir çox futbol adamı “Park İnn”i tərk etdi. Daha doğrusu, İK-nın iclasına aidiyyatı olmayanlar öz iş-gücünün dalınca tələsdi. Tədbirin keçirildiyi məkanda qurum üzvləri, AFFA rəhbərliyi, bir də media mənsubları qaldı.
“Neftçi”nin prezidenti Sadıq Sadıqov yenə jurnalistlərin əhatəsindəydi. Amma vitse-prezident Elnur Məmmədovun xidməti avtomobilə kimi ötürdüyü Sadıq bəy bu dəfə müsahibə verəcək halda deyildi. O, borclu olduğu qəzet və sayt əməkdaşlarına reklam pullarını nə vaxt ödəyəcəkləri ilə bağlı vəd “paylayırdı”.
Qərb Regional Futbol Federasiyasının prezidenti Mehman Allahverdiyev isə hətta AFFA prezidenti Rövnəq Abdullayevin mətbuat konfransının bitməsini də gözlədi. Onun belə yubanması səbəbsiz deyildi. “Kəpəz”in Premyer Liqaya yüksələcəyi, Gəncə futboluna sponsor tapılacağına ümud edən Allahverdiyev ümidlə gözləyirdi. Onun jurnalistlərə “Növbəti mövsüm elitada neçə komandanın çıxış edəcəyi haqda sual vermədizmi” sorğusuna aldığı cavab sifətindəki mimikanı dəyişdi. Deyəsən, o, elita təmsilçilərinin sayının 12-yə qədər artırılmasına ümid edirdi, “10 komanda” cavabını eşitdikdən sonra isə oteli məyus-məyus tərk etdi.
Rövnəq bəyin mətbuat konfransı gedən zaman foyedə daha bir tədbir var idi. “Bakı”nın prezidenti Hafiz Məmmədov da jurnalistləri başına yığıb, müsahibə verirdi. Onun “bilirsiniz də ən maraqlı adam kimdi, yəqin məni gözləyirsiz” atmacası isə məqsədli idi.
Hafiz bəyin danışdıqları ilə saytımızda tanış ola bilərsiz. Məni ən çox məyus edənsə onun növbəti dəfə eyni səhvi təkrarlaması oldu. Müsahibə verdikdən sonra foyedə onu gözləyən diktor Ramiz Qafarova “şirinlik” verən Məmmədov pilləkənləri düşərkən ona hansısa problemindən danışan daha bir nəfəri sevindirdi. Hafiz bəy həmin adamın sözünü bitirməsini gözləmədən bir az da təhqiredici formada “de görüm nə qədər lazımdı” söylədi.
Hadisələrin davamını izləmək imkanım olmadı. Çünki Məmmədovun arxasınca sürünən jurnalist dəstəsinə qoşula bilməzdim – bunu peşə etikama və əxlaqıma sığışdırmaram. Ona görə də otelin birinci mərtəbəsində, giriş qapısında nələrin baş verdiyini, kimə nə qədər “paylandığını” görə bilmədim. Amma Məmmədov yəqin ki, yenə jurnalistlərə pul paylamaqla məşğul idi.
Həmkarlarım bu sətirlərə görə məni qınamasın, sadəcə, bir sualıma cavab versin: müsahibə götürüldüsə, brifinq bitdisə, müsahibin dalınca sürünmək, onu maşınına kimi yola salmaq nəyə lazımdı? “Bakı”nın bazasında kommunal xərclərə görə borclar üst-üstə yığılan bir vaxtda Hafiz bəy özünü gündəmdə saxlamaq, piarı ilə məşğul olmaq, kiməsə ismarıc göndərmək üçün yenə “bəxşiş” paylayırdı. Deyəsən, müflisləşmək, gözdən düşmək belə yetərli deyil, həqiqətən “qozbeli qəbir düzəldər”.
FƏRİD