Azərbaycan Respublikası Vergilər Nazirliyi vergi borcunu ödəməyən vergi ödəyiciləri barədə məlumat yayıb. 4 mart 2015-ci il tarixinə olan siyahıda 405 hüquqi və fiziki şəxsin adı yer alıb ki, onların arasında 2 futbol klubu da var – “Bakı” və  “Rəvan”. Bu isə təəccüb doğurmaya bilməz.
Düzdü, istər Azərbaycan Respublikası Vergi Məcəlləsində, istərsə də “Bədən tərbiyəsi və idman haqqında” Azərbaycan Respublikasının Qanunuda idman sahəsinə sponsorluq edən hüquqi və fiziki şəxslərin vergi ödənişindən azad olunmalarına dair hər hansı bir bənd yoxdu. Hərçənd “Bədən tərbiyəsi və idman haqqında” qanun layihəsində ölkədə bədən tərbiyəsi və idmanın inkişafına investisiya yönəldən təşkilati-hüquqi formasından asılı olmayaraq, müəssisə, idarə və təşkilatlar, həmçinin də fiziki şəxslər üçün preferensiya və güzəştlərin nəzərdə tutulması öz əksini tapmışdı. Eləcə də, bədən tərbiyəsi və idman təşkilatlarına, idman klublarına, uşaq-gənclər idman məktəblərinə, ayrı-ayrı komandalara və idmançılara maliyyə yardımı göstərən – sponsorluq edən hüquqi və fiziki şəxslərin bu sahəyə yönəltdikləri maliyyə vəsaitinin həcmi məbləğində dövlət vergi ödənişindən azad olunmaları qeyd edilmişdi.
Qazanırsansa, vergi də ödəməlisən! 
Bəli, futbol hazırda dünyanın ən gəlirli biznes sahələrindən biridi. Məsələn, 2013-2014 mövsümünün yekunlarına görə, ən çox mənfəət əldə edən klubların siyahısına diqqət yetirək. Rəqəmlər dodaq uçuqladır: "Real"  (İspaniya) – 550, "Mançester Yunayted" (İngiltərə) – 518, "Bavariya" (Almaniya) – 488,  "Barselona" (İspaniya) – 485, PSJ (Fransa) – 474, "Мançester Siti" (İngiltərə) – 414, "Çelsi" (İngiltərə) – 388, "Аrsenal" (İngiltərə) – 359, "Liverpul" (İngiltərə) – 306, "Yuventus" (İtaliya) – 279,  "Borussiya" Dortmund (Almaniya) – 262,  "Milan" (İtaliya) – 250, "Tottenhem" (İngiltərə) – 216, "Şalke" (Almaniya) – 214, "Аtletiko" (İspaniya) – 170, "Napoli" (İtaliya) – 165, "İnter" (İtaliya) – 164, "Qalatasaray" (Türkiyə) – 162, "Nyukasl" (İngiltərə)- 155, "Everton" (İngiltərə) – 144 milyon avro.
Müasir futbolda klubların əsas gəlirinin teleyayım hüququndan, bilet və forma satışından əldə olunduğu hər kəsə bəllidi. Məsələn, ötən mövsüm teleyayımdan İngiltərə klubları “Liverpul” 117, “Mançester Siti” 115, “Çelsi” isə 112 milyon avro qazanıb. Mövsümün yekunlarına əsasən, İngiltərə Premyer Liqasını tərk edən “Norviç” 77, “Fulhem” 75, “Kardiff Siti” 74 milyon əldə edib. İspaniyanın “Real” və “Barselona” klublarının mənfəəti isə 140 milyon avro təşkil edib.  
Fikrimcə, futbol bazarı haqda təsəvvürü olmayanların gözünü açmaq üçün bu qədər faktlar yetərlidi. Futbol idman növü olmaqla yanaşı, həm də qazanclı bir biznes sahəsidi. Qazanırsansa, vergi də ödəməlisən! 
Bəs, qazanmırsansa?
Avropanın aparıcı futbol ölkələrində hər şey gəlir əldə etməyə hesablanıb. Lakin təəssüf ki, Azərbaycanda futbol qazanc götürmək üçün bir biznes sahəsi yox, sosial təminat xarakterlidi. Təsadüfi deyil ki, ölkəmizdə bədən tərbiyəsi və idmanın inkişafı, yüksək səviyyəli idmançıların və komandaların hazırlanması üçün bir sıra hüquqi və fiziki şəxslər təmənnasız sponsorluq fəaliyyəti ilə məşğuldurlar.  Eləcə də, ölkə başçısı cənab İlham Əliyev tərəfindən imzalanmış "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, futbol sektoruna böyük yatırımlar olub.
Azərbaycanda fəaliyyət göstərən klubların heç birinin qazanc əldə etmədikləri göz önündədir. Təəssüf ki, Topaz Premyer Liqasının teleyayım məsələsi bu gün də həllini tapmayan əsas məsələlərdən biridir. Xarici ölkələrdə klublar teleyayım müqabilində küllü miqdarda gəlir əldə etdikləri halda, bizdə dünənə qədər klublar oyunlarının canlı yayımlanması üçün ciblərindən pul ödəyirdilər. Hazırda isə teleyayım işini “Topaz” üzərinə götürüb. İndi klublar nə pul alır, nə də ki pul verir.
Forma və bilet satışından isə danışmağa dəyməz. Giriş pulsuz olduğu halda paytaxta keçirilən mərkəzi oyunlara 300-500 azarkeş gəlirsə, bilet satmağı düşünmək belə sadəlövhlük olardı.
Təəssüf ki, Azərbaycan Premyer Liqası əcnəbi futbolçular üçün Avropaya tramplin səviyyəsinə də çata bilmədi. Ölkəmizə gələn yadellilərin əksəriyyəti bura pul qazanmaq üçün ayaq basır. Bugünə qədər klublarımızdan hansınınsa 3-5 manata gətirdiyi legioneri böyük məbləğə xaricə satdığına rastlamamışıq.
Əvəzində bütün klublarımız hər mövsüm küllü miqdarda vəsait xərcləyirlər. Premyer Liqada mübarizə aparan klub bir mövsüm üçün işçilərin, məşqçilər korpusunun, texniki heyətin, futbolçuların maaşlarını, əsas, əvəzedici, U-19, U-17, U-16, U-15, U-14, U-13, U-12, U-11 və U-10 komandalarının geyim dəstlərinin, inventarları almaq, yemək, otel, stadion, tibbi ləvazimat, nəqliyyat və s. xərcləri qarşılamaqdan ötrü ən azı 3 milyon manat sərf edir. Qazancı isə – sıfır. Bəs, qazanc yoxdursa, vergi borcu necə yarana bilər? Ümumiyyətlə, ölkədə idmanının inkişafına dəstək verən, ölkə başçısının "Azərbaycan Respublikasında 2005-2015-ci illərdə futbolun inkişafına dair Dövlət Proqramı”na uyğun olaraq, vəsait xərcləyən hüquqi və fiziki şəxslərdən vergi tələb edilməsi nə qədər doğrudur?
AĞA
Shares: