Bu gün “Park İnn” otelində baş tutan AFFA-nın növbəti hesabat-seçki konfransı əvvəlkilərdən heç nə ilə fərqlənmədi. Bu dəfə də öncədən proqnozlaşdırılan qərarlar qüvvəyə mindi.
Tədbirdə həm də İcraiyyə Komitəsində olan 2 vakant yerin sahibi müəyyənləşdi. Beləliklə, ötən il dünyasının dəyişən Ələkbər Məmmədovun yerinə Vaqif Sadıqov, işlərinin çoxluğunu əsas gətirərək İcraiyyə Komitəsindən ayrılan Elmar Qasımovunun əvəzinə isə təhsil nazirinin müavini Firudin Qurbanov seçildi.
Bu qərardan sonra millimizin sabiq çalışdırıcısı Vaqif Sadıqovun məşqçilik karyerasının başa çatdığını da düşünmək olar. Nəzərə alaq ki, o, hər hansı bir komandada çalışmaq üçün ən azı İK-dən ayrılmalıdı. Bundan başqa yaxın günlərdə Məşqçilər Komitəsinin sədrliyində də dəyişikliyin olacağı istisna deyil. Böyük ehtimalla Məşqçilər Komitəsində yer alan mütəxəsislərdən biri Sadıqovun yerinə keçəcək.
Qəbul olunan qərarlardan biri də yerli gənc futbolçuların maaşına limit qoyulması ilə bağlıdı. AFFA-nın prezidenti Rövnəq Abdullayev 21 yaşadək futbolçuların 30 min, 23 yaşa qədər olanların isə 50 min manatdan çox maaş almayacağını açıqladı. Limitə düşən futbolçuların məvacibinə yalnız milli komandanın üzvü olduqdan sonra 50 faiz artırıla bilər. Bu, futbolçuların gənc yaşlarında pula aldanmamasına, karyeralarını ölkə xaricində davam etdirməsinə və onların inkişafına hesablanmış bir qərar olsa da, gizli qalan məqamlar var. Çünki məsələyə necə nəzarət olunacağı böyük maraq doğurur. Nəzərə alaq ki, elitada mübarizə aparan klublarımızda bir yox, bir neçə müqavilə mövcuddu. Düzdü, mövcud qərarla razılaşmayan və qanun pozuntusuna yol verən klublar cəzalandırılacaq. Amma klubların qanun pozuntusuna yol verdiklərini isbatlamağın olduqca çətin olacağı indidən bəllidi. Bunun üçün hansı mexanimzdən istifadə olunacağı isə müəmmalıdı.
Daha sonra assosiasiyanın rəhbəri təşkil olunmuş mətbuat konfransında Premyer Liqanın yayım hüququna da aydınlıq gətirdi. O, növbəti mövsümdə yayım hüququnun tenderə çıxarılacağını bildirsə də, belə rəqabətə kiminsə girəcəyi inandırıcı deyil. Düzdü, klubların yayım hüququndan gəlir götürməsi vacib məqamdı. Bura televiziya kanallarının və ya digər yayım şirkətlərinin cəlb olunması mütləqdi. Amma cəlbedici olmayan çempionatı kiminsə yayımlamayacağını bəri başdan təxmin etmək də çətin deyil. Bunun üçün AFFA rəhbərliyinin yayım işi ilə məşğul olan şirkətlərə cəlbedici təklif irəli sürəcəyi istisna olunmur. Kimsə özünü oda atmayacağı halda isə yenidən yayım hüququnun AzTV-yə pulsuz veriləcəyi də AFFA rəhbəri tərəfindən qeyd olundu.
Rövnəq bəy mətbuat konfransında heç kimin xətrinə dəymədi. Hətta bir neçə gün öncə şok açıqlamaları ilə diqqət mərkəzinə düşən AFFA-nın baş katibi Elxan Məmmədovu da qorudu. Onun tərəfini saxlayan Abdullayev həm də heç kimin onun Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayevlə arasını vura bilməyəcəyini sətiraltı ifadərlə bildirdi. Hər halda Rövnəq bəy elitanı tərifləməklə Musayevin işindən razı qaldığı gizlətmədi.
Amma cənab Abdullayev tərəfindən tənqid hədəfinə tuş gələnlər də oldu. O, AFFA-nın vitse-prezident Rauf Əliyevin təşəbbüsü ilə assosiasiya tərəfindən Almaniyada açıldığı iddia edilən futbol məktəbninin “fəaliyyətinə” son qoyulduğunu bildirdi. AFFA başqanı həmin layihənin ölkə futboluna heç bir xeyir vermədiyini qeyd etməklə yanaşı, Əliyevin layihəsini “uğursuz” adlandırdı. Belə bir məktəb açılıbsa və ya kağız üzərində qeydiyyatdadısa, heç bir xeyir verməyibsə, Rauf bəy mütləq xərclənilən vəsaitlərə görə hesabat, həm də cavab verməlidi.
AFFA prezidentinin narahat edən məqamlardan biri də stadiona azsaylı azarkeşlərin gəlməsi isə bağlıdı. O, hətta “siz mənim yaralı yerimə toxunduz” deməklə, vəziyyətin özü üçün də ürəkaçan olmadığını xatırlatdı. Rövnəq bəy “Neftçi”də çalışdığı günləri yadına salaraq, “mən “Neftçi” də olanda lotoreya və ya maşın uduşu ilə azarkeşləri stadiona cəlb edirdik. Həmin vaxt 20-25 min azarkeş stadiona axışırdı” deməklə indiki xələfinə bir növ ismarıc da göndərmiş oldu. AFFA başqanı stadiona azarkeşlərin az sayda gəldiyinə münasibət bildirərkən ”sanki azarkeşsiz oynamaq klublara sərf edir. Çünki fanatlar olmayanda onları istefaya səsləyən olmur” deməsi də arifə işarə olmalıdı.
EMİN SƏFƏROV
Shares: