“Qəbələ” Futbol Akademiyasının komandaları növbəti oyunlarını keçirib. Futbolinfo.az xəbər verir ki, "qırmızı-qaralar" AFFA-nın aşağı yaş qruplarından olan komandalar arasında təşkil etdiyi liqalarda növbəti turun matçlarında qüvvələrini sınayıb. Akademiyanın 4 komandasından ikisi turu qələbə ilə başa vurub.
U-19 Liqasında mübarizə aparan qəbələlilər “Simurq”la ev qarşılaşmasından minimal hesablı qələbə ilə ayrılıb – 1:0. 19 oyunda 38 xal toplayan komanda 2-ci pillədə qərarlaşıb. “Qəbələ” növbəti turda “Əlincə”nin qonağı olacaq.
U-17 isə AZAL-la ev oyununda böyükhesablı qələbəyə sevinib – 5:0. 14 qarşılaşmada 38 xal toplayan “qırmızı-qaralar” çempionatın vahid lideridi. Komandanın növbəti sınağı “Xəzər Lənkəran”la səfər görüşünə təsadüf edəcək.
Səfərdə “Sumqayıt”la qarşılaşan U-16 meydanı 1 xalla tərk edib – 1:1. 18 oyunda 47 xal toplayan “Qəbələ” liderliyini davam etdirir. Bu komanda isə qarşıdakı turda “İnter”i qəbul edəcək.
“Bakı” ilə rəqib meydanında qarşılaşan U-15 səfərdən xalsız qayıdıb – 0:3. Buna baxmayaraq, 17 oyunda 35 xal toplayan “Qəbələ” 2-ci pillədə qərarlaşıb. Növbəti turda doğma meydana çıxacaq “qırmızı-qaralar” “İnter”i sınağa çəkəcək.
(Klub saytı)