AFFA-nın baş katibi Elxan Məmmədov müsahibələrinin birində "Əlincə"nin və U-17-nin üzvü Qara Qarayevin İspaniyanın "Malaqa" klubu tərəfindən bəyənildiyini, yaxın günlərdə məsələyə aydınlıq gələcəyini desə də, bu keçid baş tutmadı. Futbolinfo.az xəbər verir ki, ispanlar Qarayevdən imtina edib.
Bunun üçün bir sıra səbəblər də var. Çünki azyaşlı futbolçuların transferi elə də asan məsələ deyil. Maraqlıdı ki, buna görə "Malaqa" məsuliyyəti öz üzərinə götürmək niyyətində deyil. Əslən Gürcüstandan olan və AFFA-nın Azərbaycan pasportu çıxartdığı futbolçu "Malaqa"ya transfer olacağı halda valideynlərindən biri onunla yaşamalı, işlə təmin edilməli, həm də İspaniya tərəfindən dövlət sığortası yatırılmalıdı. Çünki bütün bu incə məqamlara FİFA xüsusi diqqət yetirir. Qaranın ispanlar üçün xüsusi bir istedad olmadığını nəzərə alsaq, buna görə də onların U-17-mizin üzvünə "get iki aydan sonra görüşərik" deməsini anlamaq olar. Çox güman ki, bu məsələ ispanlar üçün birdəfəlik bağlandı. Görünür, "Malaqa" rəsmiləri gənc futbolçunun xətrinə dəyməmək üçün onun başını ümidverici cümlələrlə aldadıb.