AFFA İcraiyyə Komitəsinin "Park İnn" otelində baş tutan son iclasının qərarları xeyli gec açıqlandı. Bu səbəbdən də nə AFFA prezidenti Rövnəq Abdullayevin mətbuat konfransında bu barədə sual verə, nə də İK üzvlərindən məsələyə münasibət öyrənə bildik.
Həmin vaxt qərarların tam mətni bizə təqdim olunmadığından yalnız rəsmilərin dilə gətirdikləri məsələləri aydınlaşdıra bildik. Amma sən demə, AFFA-nın baş katibi Elxan Məmmədovun gizli planları var imiş. Nağaranın toydan sonra çalınması üzündən bu havaya indi oynamalı oluruq.
 
Növbəti mövsümdən Topaz Premyer Liqası klublarında çıxış edən 21 və 23 yaşadək yerli futbolçuların maaşına limit tətbiq olunması məsələsi bəllidi. Klublar Komitəsinin gicgicə təklifi qəbul edildi, standartlar müəyyənləşdirildi. Hətta
 
Klubun aktivindən xalların silinməsi
Maliyyə sanksiya
Futbolçunun diskvalifikasiyası
 
kimi cəza tədbirləri də müəyyənləşdirildi. Amma heç kim bu işə nəzarət mexanizmini açıqlamadı. Ona görə də bəri başdan deyək ki, bu qərar yalnız kağız üzərində qalacaq. Heç kim klubların qara mühasibatlığından kimə nə qədər pul verildiyini öyrənə, buna görə cəza tətbiq edə bilməyəcək.
 
2015/2016-cı il mövsümündə də Topaz Premyer Liqası klublarının sayı 10 olacaq. Ancaq maraqlı olan odu ki, əgər əvvəlcə sonuncu pilləni tutan kimandanın elitanı tərk edəcəyi deyilirdisə, indi vəziyyət dəyişib. “Araz Naxçıvan”ın çıxışını dayandırdığını nəzərə alsaq, indi ona daha bir komanda – 9-cu pilləni tutan da qoşulmalıdı. Bu, mövsümün gedişində reqlamentin dəyişdirilməsi deməkdi.
Artıq “Bakı” üçün də əcəl zəngi çalınır. Halbuki dünənə qədər “zolaqlılar” onsuz da elitada qalacaqlarını düşünərək çıxış edirdilər. Görünür, AFFA bu klubun problemlərini həll etməkdən və ona maliyyə ayırmaqdan bezib və Hafiz Məmmədovdan birdəfəlik yaxa qurtarmaq istəyir.
2015/2016-cı il mövsümündə ölkə çempionatının oyunlarının yayımı ilə əlaqədar AFFA tərəfindən televiziyalar və şirkətlər üçün tender keçirilməsi haqda qərarın sonu indidən bəllidi. Klublar zay məhsuluni onsuz da sata bilməyəcək, yekunda heç kimə lazım olmayan oyunları yenə AzTV pulsuz yayımlayacaq.
Məşqçilər Komitəsinin təklifinə əsasən, yeni turnirin təşkil olunması qərara alınıb. Amma maraqlıdı ki, yarışın mahiyyəti, əhatə dairəsi və s. məsələlər haqda bir kəlmə də qeyd olunmayıb. Ən maraqlısı isə bundan irəli gələn məsələlərin həllinin Peşəkar Futbol Liqası ilə yanaşı AFFA-nın Məşqçilər Komitəsinə tapşırılmasıdı. Yenə Klublar Komitəsi olsaydı, başa düşülərdi, daha Məşqçilər Komitəsi haradan çıxdı.
Dünən araşdırmalarımız nəticəsində öyrəndik ki, əslində, hələlik hansı yarışın təşkil ediləcəyi ilə bağlı konkret variant yoxdu. Sadəcə, Məşqçilər Komitəsinin bir neçə təklifi var və onların arasından biri seçiləcək. Sırf avrokuboklara vəsiqə qazanan 4 komanda, eləcə də qotə yarışlarından kənar qalanlar arasında stimulartıran turnirlər keçirilməsi haqda ideyalar var. Prezident kuboku, Premyer Liqa kuboku, PFL kuboku və s. kimi perspektiv yarışların təşkilində məqsəd komandaların il ərzində daha çox matç keçirməsinə və oyun praktikasını artırmasına nail olmaqdı.
Amma…
Amma maraqlıdı ki, milli komandaların yersiz və uzunmüddətli toplanışları üzündən ölkə çempionatının təqvimində sıxlıq yarandığı bir vaxtda daha bir turniri təşkil etmək olacaqmı? Həmin yarış üçün mükafat fondunun ayrılacağı deyilir, ancaq bu vəsaiti kim ödəyəcək? Başqa ölkələrdə belə yarışlar avrokuboklara vəsiqə verdiyi üçün qismən maraqlı olur, bizdə eyni təcrübənin tətbiqi mümkündümü? Avrokuboka 4 vəsiqənin biri kubok, daha biri nəzərdə tutulan yeni yarış vasitəsilə veriləcəksə, bu, Premyer Liqada mübarizənin gərginliyinə təsir etməyəcəkmi?
Suallar çoxdu. Bütün bunlara isə elə “Park İnn”də cavab almaq istərdik. Təbii ki, İcraiyyə Komitəsinin qərarları vaxtında açıqlansaydı…
CAVAD
Shares: