Dünən Topaz Premyer Liqasının 25-ci turunda "Qəbələ" doğma meydanda "Sumqayıt"ı qəbul etdi. "Qırmızı qaralar" üçün mühüm əhəmiyyət kəsb edən görüş baş hakim İnqilab Məmmədovun fiti ilə 18:00-da start götürdü.
Yağışlı hava olduğu üçün qəbələli azarkeşlər əvvəlki turlarda olduğu kimi çoxluq təşkil etmirdilər. 5 gün öncə Azərbaycan Kubokunun 1/4 mərhələsinin ilk oyunu çərçivəsində doğma meydanda "Simurq"a  0:3 hesablı məğlubiyyəti unutmaq üçün "Qəbələ" bu qarşılaşmada mütləq qələbə qazanmalıydı. Zaqatala təmsilçisinə məğlubiyyətdən sonra demək olar ki, ölkə kubokundan əlini üzmüş komandanın yeganə ümidi Premyer Liqanı ilk 4-lükdə bitirmək idi. 
Oyuna gəlincə start fitindən dərhal sonra "kimyaçılar" daha aktiv görünsələr də, bu çox qısa çəkdi. Erkən qol olmasa da, Aqil Məmmədovun yetirmələri dəqiqələr keçdikcə oyunlarını itirirdilər. Xüsusi ilə də müdafiə xəttinin düzülüşü sıradan çıxmışdı. 
İlk qol standard vəziyyətdən vuruldu. Belə ki, 1-ci hissənin tam yarısında “qırmızı-qaralar”ın hücumçusu Viktor Mendi Azərbaycan millisinin üzvü Cavid Hüseynovun künc nöqtəsindən oyuna daxil etdiyi topu dəqiq baş zərbəsi ilə “Sumqayıt”ın qapısında keçirdi. 
Bu qoldan sonra bir neçə təhlükəli vəziyyət yaradan qəbələlilər son məqamda dəqiq oynaya bilmirdilər. Yenə bir neçə 100 faizlik qol vəziyyəti boşa verildi. “Gənclər şəhəri” təmsilçisi oyunun ipini elə ilk qoldan sonra “Qəbələ”yə vermişdi. İkinci qol da özünü çox gözlətmədi. 34-cü dəqiqədə yenidən səhnəyə Mendi çıxdı. Rəqib qapıçı Andrey Popoviçlə təkbətək mübarizədə qalib gələn futbolçu komandasının qələbəsini təmin etdi. Tərəflər fasiləyə 2:0 hesabı ilə yollandılar. 
İkinci hissədə isə tamamilə dağılmış bir “Sumqayıt” görünürdü. Qış fasiləsindən sonra geridə qalan oyunlara nəzər salsaq, sumqayıtlılar 90 dəqiqə ərzində maksimum 1 top buraxmışdılar. Qəbələdə isə ilk hissədən sonra 2 top “kimyaçılar”ın torunu silkələmişdi.  Ümumiyyətlə, bəxt bu oyundada “Sumqayıt”ın tərəfində idi desək, yanılmarıq.  Çünki hesab daha acınacaqlı ola bilərdi. 
“Qəbələ”nin son transferi Rikardinyo nəhayət ki, bu qarşılaşmada oynamaq imkanı əldə etdi. Elə braziliyalı müdafiəçinin cinahdan ötürməsindən sonra Aleksey Qaya sadəcə topa toxunmaq qalırdı ki, sonuncu bunu bacarmadı. Qarşılaşma 2:0 hesabı ilə “qırmızı-qaralar”ın xeyrinə nəticələndi. Bu görüşdən sonra Şimal təmsilçisi cari mövsüm ərzində ilk dəfə olaraq Premyer Liqada ardıcıl 3-cü qələbəsini qazandı.
ZAMİN ALLAHVERDİYEV, Bakı – Qəbələ – Bakı
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp