Azərbaycanda Premyer Liqada çıxış edən klubların lisenziyalaşdırma prosesində irəli sürülən əsas şərtlərdən biri də aşağı yaş qrupları üzrə komandaların mövcudluğudu. Bizdə hələ ki, U-10-dan başlayaraq U-19-a qədər turnirlər təşkil olunur. Uşaq, yeniyetmə və gənclərin yarışında buna qədər qalib yalnız lokal uğura sevinirdi. İndi isə vəziyyət dəyişəcək. Bu, UEFA-nın İcraiyyə Komitəsinin (İK) ötən ilin sonlarında çıxardığı qərarla bağlıdı. Belə ki, U-19 liqasının qalibi ölkəmizi Çempionlar Liqasında (!), bəli, bəli, düz eşitdiz, məhz Çempionlar Liqasında, daha dəqiqi, onun ekvivalenti olan UEFA Gənclər Liqasında təmsil etmək hüququna sahib çıxacaq. 
Şaxələnmə olacaq
İlk öncə onu vurğulayaq ki, UEFA U-19-lar arasında Gənclər Liqasının keçirilməsinə 2013/14 mövsümündən başlayıb və ilk qalib “Barselona” olub. Öncəki, elə bu mövsüm üçün də keçərli olan reqlamentə görə, Gənclər Liqasında UEFA Çempionlar Liqasında iştirak edən klubların 19 yaşa qədər futbolçulardan ibarət komandaları yarışır. Ancaq İK qəbul etdiyi son qərarla həm turnirin daimiliyini təsdiq etdi, həm də yarışın keyfiyyətini artırmaq və daha çox ölkənin təmsilçisinin yarışmasına imkan vermək məqsədilə 64 komandalı sistemi “qüvvəyə mindirdi”.
İndi ÇL-də oynayan 32 komandanın U-19-larından savayı, belə desək, daxili çempionlar da Gənclər Liqasında mübarizə aparacaq. Belə ki, 2015/16 mövsümündən Gənclər Liqası 2 şaxəli olacaq. ÇL-dəki 32 komandanın gəncləri bir, daxili çempionatların qalibləri ikinci şaxə üzrə yarışa başlayacaq.
İkinci şaxənin şərtlərinə görə, UEFA əmsallar cədvəlində ilk 32 sırada qərarlaşmış ölkələrin U-19 çempionları Gənclər Liqasına qatılacaq. U-19 turniri olmayan və U-19 çempionu zatən ÇL şaxəsində olan ölkələr sıralamadakı növbəti ölkə ilə əvəzlənəcək.
“Rəvan” bilir, AFFA susur
Azərbaycanın Əmsallar cədvəlində 29-ci sırada qərarlaşdığını nəzərə alsaq, deməli, gələn mövsümdən bizim də U-19 çempionumuz Gənclər Liqasında oynayacaq. Hazırda 19 yaşa qədər futbolçuların turnirində “Rəvan” rəqiblərindən çox öndədi və 3 dövrəli sistemlə keçirilən yarışın sonunda elə Füzuli Məmmədovun başçılıq etdiyi komandanın qalib adını qazanacağı daha realdır.
“Aslanlar” 1-ci divizionda mübarizə aparır və ÇL-də qrupa düşmək şansına malik deyil. Başqa sözlə, ölkəmizdə ikinci şaxə üzrə birbaşa yarışa qatılmağa əsas namizəd. Bəs görəsən, klubda bu haqda bilgilidilərmi?
Bu barədə klubda bilgilidilər. Amma mövsümün bitməsini, çempionluöu rəsmiləşdirməyi gözləyirlər. AFFA isə hələlik bu mövzuda susur. Yəqin ki, AFFA-nın baş katibi Elxan Məmmədovun “Rəvan” haqda son açıqlamaları da buna hesablanmışdı və o, bu klubun sıradan şıxmasını, əvəzində yarışa bu komandanın adı altında özünün formalaşdırdığı komandanı buraxmaq istəyir.
Yeni format
İndi də Gənclər Liqasının yeni mövsümdən qüvvəyə minəcək yeni formatı ilə ətraflı tanış olaq:
ÇL şaxəsi
* hər qrupda 4 komanda olmaqla 8 qrup (eynən ÇL-dəki kimi)
* qrup qalibləri 1/8 finala vəsiqə qazanacaq
* qrup ikinciləri pley-offda oynamaq hüququ əldə edəcək
Daxili çempionların şaxəsi
* 32 daxili çempion 1-ci təsnifat mərhələsində oynayacaq (ev – səfər)
* 16 qalib 2-ci təsnifat mərhələsində oynayacaq (ev – səfər)
* 8 qalib pley-offda oynamaq hüququ əldə edəcək
Pley-off mərhələsi
* Daxili çempionların şaxəsindən 8 qalib ev oyununda ÇL şaxəsində qrup ikincisi olmuş 8 komanda ilə qarşılaşacaq (tək oyun) 
1/8 final
* ÇL şaxəsindən 8 qrup qalibi pley-offun 8 qalibi ilə qarşılaşacaq (tək oyun). Ev sahibi püşklə müəyyənləşəcək.
1/4 final
* Ev sahibi püşklə müəyyənləşəcək təkoyunlu qarşılaşmalar
Yarımfinal və final
* Eyni stadionda tək oyunlu və pley-off sistemli mini-turnir 
Yaş limiti
* 2015/16 mövsümündən yaş limitində müəyyən dəyişiklik olacaq. Belə ki, hər bir klub 40 nəfərlik sifariş vərəqəsinə yaşı 19-dan çox olan futbolçuları da sala biləcək. Amma U-20 şərtinə uyğun gəlməklə maksimum 3 oyunçunu.
Maraqlıdı…
Gənclər Liqasında oyunlar Çempionlar Liqasının matçları ilə eyni gündə olacaq. Bu isə o deməkdi ki, ÇL şaxəsinin kollektivləri əsas komanda ilə daha çox ünsiyyətdə, münasibətdə, kontaktda olacaq. Daxili çempionlar isə beynəlxalq yarış və təqvim təcrübəsi qazanacaq.
CAVAD
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp