“Topaz Premyer Liqasının 25-ci turunda baş tutan “Qarabağ” – “Xəzər Lənkəran” matçını izləyənlər arasında cənubluların sabiq məşqçisi Emin Quliyev də var idi. Hazırda işsiz olan millimizin sabiq üzvünün qarşılaşma ərzində dost-tanışları ilə oyun haqda müzakirə aparması diqqətimizdən yayınmadı.
Ev sahibinin 1:0 hesablı qələbəsi ilə başa çatan görüşdən sonra Quliyevin fikirlərini biz də öyrənə bildik: “Xəzər Lənkəran”da çıxış edənlər cavan uşaqlardı. Çoxunun təcrübəsi yoxdu. Fikrimcə, onlara vaxt lazımdı. Bu dəyişikliyin necə xeyir verəcəyini indidən demək çətindi. Mənə elə gəlir ki, indi fayda verməsə də, gələcəkdə verə bilər. Ancaq komandanın heyətini 3-4 futbolçu ilə gücləndirmək lazımdı". 
Sabiq 5 nömrə həm də işsizlikdən şikayətləndi: "Hazırda heç bir işlə məşğul deyiləm. Federasiya rəhbərliyi ilə görüşmüşəm. İş olsa, onlar da söz veriblər. Bunu zaman göstərəcək. Hələlik heç bir təklif yoxdu. Futboldan kənar qalmaq mənə çox pis təsir edir. Ömrünü futbola həsr et, sonra da futboldan kənar qal. Vallah, təkcə özümü nəzərdə tutmuram. Azərbaycan futbolunda əziyyət çəkmiş oyunçuları, az da olsa, ad qazanmış adamları yaddan çıxarmaq insana pis təsir edir. Əziyyəti olanların işsiz qalmasını istəməzdim. Azərbaycan futbolunun yaxşı olmasını istəyirəm. İstəmirəm ki, görülən işlər boşa getsin”.
Shares:
Facebook
Twitter
Telegram
WhatsApp