Dünən Topaz Premyer Liqasında 25-ci turun oyunları keçirilib. Qarşılaşmalar və turun ümumi dəyərləndirməsi üçün Elxan Abdullayevin fikirlərini öyrəndik:
“İlk olaraq “Neftçi” – “İnter” oyunu haqda danışmaq istəyərdim. Bu qarşılaşmada “ağ-qaralar” çox önəmli 3 xal itirdi. Oyuna baxanda hiss olunurdu ki, “İnter” futbolçularında oyun nizam-intizamı var. “Neftçi” haqqında isə bu sözü demək çətindi. Bu gün onlar tam olaraq öz oyunlarını göstərə bilmirlər. Amma yenə də Arif Əsədovun yetirmələrini çempionluq yarışından silmək hələ tezdi. “İnter” dünən qazandığı qələbə ilə turnir cədvəlində getdikcə “Qarabağ”a yaxınlaşmağa başlayır və bu da çempionatın daha da maraqlı keçməsinə və intiriqanın artmasına səbəb olacaq.
“Qarabağ” isə “Xəzər Lənkəran”la matçda çox çətinliklə 3 xal qazandı. Cənubluların son iki matçına baxmışam və deyə bilərəm ki, çox gözəl oyun nümayiş etdirirlər. Gənc olmaqlarına baxmayaraq, futbolçularda böyük istək var. Düzdü, qarşılaşmada ağdamlıların böyük üstünlüyü olsa da, fikrimcə, lənkəranlılar rəqibə təzyiq göstərə bildilər.
“Qəbələ” – “Sumqayıt oyunu haqqında onu onu deyə bilərəm ki, sumqayıtlılar müdafiədə buraxdıqları səhvlərə görə qapısında qollar gördü. Ümumiyyətlə, mən “Sumqayıt” komandasını çox bəyənirəm. Rəqibin kimliyindən asılı olmayaraq bu komanda həmişə öz oyununu oynayır. Baxmayaraq ki, “kimyaçılar” ilk pillələrdə deyil, ancaq son vaxtlar milliyə futbolçuları məhz oradan dəvət edirik. Bu o deməkdi ki, sumqayıtlı futbolçular meydanda mübarizə aparırlar. “Qəbələ” komandası hələ də stabil oyun nümayiş etdirmir. Komandanın gələcəkdə hansı nəticəyə imza atacağı məlum deyil.
Yekun olaraq AZAL – “Bakı” matçı haqqında qısaca olaraq onu qeyd etmək istərdim ki, “təyyarəçilər” indi yaxşı formadadı və pis oyun göstərmirlər. “Bakı” haqqında isə nə deyə bilərəm ki? Futbolçular aylarla maaş almır. Məqsədsiz komandadı. İndiki vəziyyətdə onlardan hansısa uğur gözləmək düzgün deyil”.
Elxan bəy bundan əlavə avrokuboklara vəsiqə verən 4-cü yer uğurunda mübarizədə “Simurq” klubunu daha şanslı saydığını bildirib: “Mənə elə gəlir ki, bu pillədə qərarlaşmaq baxımından “Simurq” klubu daha şanslı görünür. Digərlərindən fərqli olaraq bu komandada stabillik var. Bu komanda öz meydanında daha yaxşı çıxış edir, səfər matçlarında da pis oyun nümyiş etdirmirlər”.
ELMAR ABDULLA-ZADƏ