Bakının “İnter” klubu Topaz Premyer Liqasında məğlubiyyətsiz oyunlar seriyasını 18-ə çatdırıb. Futbolinfo.az xəbər verir ki, sonuncu dəfə 2014-cü il avqustun 29-da “Xəzər Lənkəran”la səfər oyununda 0:1 hesabı ilə uduzan Kaxaber Sxadadzenin yetirmələri 25-ci turun “Neftçi” ilə görüşündə (2:0) uduzmamaqla son 6 ilin rekordunu müəyyənləşdirib.
Belə ki, 2009-cu ilin martından sonrakı dövr üçün ən uzun məğlubiyyətsiz oyunlar seriyası 17 matçdan ibarət idi. 2011-12-ci illərdə qeydə alınan həmin göstərici “İnter”in də tarixində 2-ci nəticə idi.
“Neftçi”yə uduzmamaqla, klub tarixinin 2-ci nəticəsini göstərən “İnter” 2008-09-cu illərdəki rekordunun 3 addımlığındadı. Həmin vaxt bakılılar 21 matçda uduzmamışdı.
Bu dəfəki 18 oyunluq seriya Azərbaycan çempionatları tarixində 15-ci göstəricidir. Mütləq rekord isə “Kəpəz”ə məxsusdur – 28 oyun. “Turan” 27, “Neftçi” və “Şəmkir” isə hər ikisi 26 məğlubiyyətsiz oyunlar seriyasına malikdi.
(pfl.az)