İstər Premyer Liqa, istərsə də kubok matçlarında stadiona axışan azarkeşlərin sayının çox olmaması hər kəsə bəllidi. Yalnız bir neçə fan-klub öz sevimli komandalarına dəstək verməklə yadda qalır. Məsələ burasındadı ki, azsaylı azarkeşlərin qədrini bilmək əvəzinə, onlara problem yaradılır. Futbolinfo.az-a daxil olan məlumata görə, bu dəfə elitanın lideri “Qarabağ”ı dəstəkləyən “Qarabağsız Gənclər” azad azarkeş qrupu problemlə üzləşib.
Belə ki, 14-cü sektordan öz sevimli komandalarına dəstək vermək istəyən fanatların üzünə həmin sektorun qapısı bağlanılıb. Azarkeşlər “Qəbələ” ilə çempionat, “Bakı” ilə kubok matçında da eyni problemlə üzləşib. Vəziyyətin düzələcəyinə ümid edən Ağdam təmsilçisinin fanatları səbr etsələr də, sonda müsbət heç nə olmayıb. Buna görə də çıxış yolu kimi kluba müraciət ediblər. Yalnız, bundan sonra məsələ öz müsbət həllini tapıb. Amma tam şəkildə yox.
Məsələ burasındadı ki, ötən gün Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən ev sahibinin “Xəzər Lənkəran”la oyununun başlamasına 10 dəqiqə qalmış sektorun qapıları açıq olub. Oyunun gedişində isə qapılara kilid vurulub. Çarəsiz qalan azarkeşlər digər açıq sektorun qapılarından çıxmağa məcbur qalıblar. Fanatlar belə bir problemlə üzləşmələrindən hələ də baş aça bilmirlər.