“İnter”in yarımmüdafiəçisi Nizami Hacıyevin futbolinfo.az saytına müsahibəsi:
– Hacıyev, sizi son turlarda əsas heyətdə  görmürük. Bunun səbəbi nədi?
– Vallah, nə bilim. Bu, mənə də maraqlıdı. Baş məşqçinin qərarıdı. Belə çıxır ki, məşqçinin etimadını doğrultmuram. Əsas odu ki, məşqçinin etimadını qazanıb, özümü sübut edim. Başqa heç bir problem yoxdu. Sonucu sözü çalışdırıcı deyir. Burada qeyri-adi heç nə yoxdu. Kimsə fikirləşə bilər ki, məşqçi ilə Nizaminin münasibətləri pozulub. Xeyr, elə bir şey yoxdu. Mənim mövqeyimdə çıxış edən 8 futbolçu var. Və onların oynamağını daha məqsədə uyğun hesab edir.
– “İnter”ə transfer olunanda ciddi rəqabətin olacağından xəbərdar idiz axı…
– Məşqçi məni komandaya dəvət edəndə həmin mövqeydə o qədər futbolçu yox idi. Mənim çıxış etdiyim mövqeydə yalnız Asif və Elvin Məmmədov varıydı. Sonra Ruben Şaken və Əfran İsmayılov da heyətə cəlb olundu. Hərənin bir oyunu var. Geriyə yol yoxdu. Gücümü toparlayıb, özümü sübut etməliyəm. Əfsuslar olsun ki, hazırda oyanmıram. Özümdən başqa heç kimdə səhv görmürəm. 
– Elvin Məmmədov son turlarda özünü yaxşı tərəfdən göstərə bilir. Sizə elə gəlmir ki, Kaxaber Sxadadze sizi haqlı olaraq ehtiyyatda saxlayır? 
– Elvin son turlarda həqiqətən də yaxşı oyanyır. O, həm qol ötürməsi verir, həm də oyunun tempini dəyişə bilir. Deməli, baş məşqçi düz qərar verib. Səhv mənim özümdədi. Bunun səbəblərini digər şəxslərdə axtarmalı deyiləm. Hamı istirahət edəndə mən məşq edirəm. Səhvləri özümdə axtarıram. Çalışıram ki, hərtərəfli güclü olum. Məşqçi şans verəndə ondan səmərəli istifadə edim və əsas heyətdəki yerimi qaytarım. 
– Baş məşqçinin yayda komandanı tərk etməsi sizin “İnter”dəki karyeranıza təsir edə bilərmi? 
– Yeni məşqçi gələndə onunla söhbət edəcəyik. Hazırda oynamadığım üçün baş məşqçi ilə danşa bilmərəm. Allaha şükür ki, təkliflər var. Çempionluğa oynayan komandaların hamısı ilə münasibətimiz yaxşıdı. “İnter”dən getməyimə qorxmuram. 3 dəfə “İnter”dən çıxıb, geri qayıtmışam. Bu addımı hər zaman özüm atmışam. Buna görə də yenidən belə bir addım atmağa çəkinmirəm. Sadəcə, futbolçu hərdən elə səhvlər edir ki… Məndə peşmanlıq hiss yoxdu. Fikirləşib, addım atdığım üçün heç vaxt peşman olmamışam. 
– “İnter”də ehtiyyatda qalıb, qızıl, gümüş medallar qazanmaq yaxşıdı, yoxsa “Qəbələ”nin heyətində çıxış edib, 4-cü pillə uğrunda mübarizə aparmaq?
– “Qəbələ”də oynayıb 4-cü yeri tutmaq daha yaxşıdı. Meydanda olmaq başqa şeydi. Oynayanda həmin pilləni tutmaqdan da zövq alırsan. Oynamayıb, çempion olmaqdansa, meydanda mübarizə aparıb, 2, 3, 4-cü pilləni ələ keçirmək daha yaxşıdı. Meydanda olanda insan özündə məsuliyyət hiss edir. Buna görə də hazırda heç bir məsuliyyətim yoxdu. Sadəcə, məşqə gedib, məşqdən gəlirəm. Şans qazanmağa yaxşıdı. Rusların bir sözü var. Deyir ki, kənddə birinci olmaq şəhərdə sonuncu olmaqdan yaxşıdı.
– Ola bilərmi ki, bu misalı çəkməklə yenidən “Qəbələ”yə qayıdacağınıza dair ismarıc göndərmiş oldunuz?
– Vallah, hazırda “Qəbələ” ilə münasibətlərimiz yaxşıdı. Klubla düşmən kimi ayrılmamışıq. Qarşılıqlı razılaşma əsasında müqaviləyə xitam verilib. Hazırda orada da yerli futbolçular çoxdu. “Qəbələ”dən təklif gəlsə yenidən müzakirə edə bilərik. Hazırda isə indi bu barədə danışmaq həm tez, həm dəmənasızdı.
EMİN SƏFƏROV
Shares: