"İnter" klubunun və Gürcüstan millisinin baş məşqçisi Kaxaber Sxadadze Malta və Almaniya ilə keçirəcəkləri oyunlarla bağlı fikirlərini açıqlayıb. Futbolinfo.az xəbər verir ki, ölkəsinin mətbuatına danışan gürcü mütəxəssis son dünya çempionu ilə görüşdən sərfəli nəticə əldə etməyin mümkün olduğunu bildirib:
"Malta ilə yoxlama görüşündə qüvvəmizi sınayacağıq. Onların oyunu izləmişəm, necə oynadıqlarını bilirəm. Rəqibə görə oyunumuzu quracağıq. Növbəti matçımız isə Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Almaniyaya qarşı olacaq. Doğma meydançamızda oynayacağıq. Almaniya dünya çempionatından sonra stabil çıxış etmir. Onlardan çəkinmirik. Düşünürəm ki, son dünya çemionları ilə görüşdə şansımız var".
"İnter" və Gürcistan millisini çalışdırırsınız, işləri necə qurursunuz sualına isə belə cavab verdi : "Demək olar ki, çox vaxt səyahətdə oluram. Çətindi, amma imkansız deyil. İyun ayından yalnız Gürcüstan millisini çalışdıracam".
Qeyd edək ki, AÇ-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Azərbaycan millisi Maltanı qəbul edəcək.