AFFA-nın son Hesabat Konfransında qərara alındı ki, növbəti mövsümdən Premyer Liqada iştirak edən klubların qızlardan ibarət komandası olmalıdı və liqalarda iştirak etməlidi. Elə bu səbəbdən Premyer Liqada iştirak ədən klublarla əlaqə saxladıq. Klublarımızda bu məsələ ilə bağlı hansı işlərin görüldüyünü öyrənməyə cəhd etdik.
Araşdırma nəticəsində məlum ki, bir neçə klubumuzun qızlardan ibarət komandası olduğu halda bəziləri bu barədə iş görməyiblər.
Rüstəm Allahverdiyev (“Simurq”un mətbuat xidmətinin rəhbəri): “Bizim qızlardan ibarət komandamız olduğuna görə problem olmayacaq. Lisenziyalaşdırmanın tələbinə uyğun olaraq artıq öz sənədlərimizi göndərmişik”.
Hüseyn Cəbrayıloğlu (“Xəzər Lənkəran”ın mətbuat xidmətinin rəhbəri): “3 ilə yaxındı ki, “Xəzər Lənkəran”ın qızlardan ibarət komandası var. Komandamız hazırda Lənkəran şəhəri Uşaq və Gənclər İdman Məktəbini təmsil edir. Maddi cəhətdən onlara dəstək oluruq. Növbəti mövsümdən çempionatda iştirak edəcək”.
Səbuhi Məmmədov (“İnter”in mətbuat xidmətinin rəhbəri): “İnter” klubunun qızlardan ibarət komandası var. Bu məsələ ilə bağlı işlər görürük”.
Rəşad Məmmədov (“Sumqayıt”ın mətbuat xidmətinin rəhbəri): “Sumqayıt”ın qızlardan ibarət U-13 və U-19 komandaları var. Milli çempionatda mübarizə aparırlar. Artıq 4 mövsümdür ki, qızlardan ibarət komandalarımız liqalarda iştirak edir. “Sumqayıt” yeganə klubdu ki, iki qız komandası ilə çempionatlarda çıxış edir”.
Anar Hacıyev (“Qəbələ”nin mətbuat xidmətinin rəhbəri): “Bu istiqamətdə işlər gedir. Növbəti mövsümdən qızlardan ibarət komandamız çempionatda iştirak edəcək”.
Asif Əsgərov (“Qarabağ”ın meneceri): “Qızlardan ibarət komandamız yoxdu. Qərarla yeni tanışıq. Yaxın vaxtlarda bu istiqamətdə işlərə başlayacağıq. Böyük ehtimalla U-19 Liqasında komandamız olacaq. Ola bilər ki, mövcud olan qızlar komandalarından birini himayəmizə götürək”.
Gündüz Abbaszadə (“Neftçi”nin mətbuat xidmətinin rəhbəri): “Neftçi”nin qızlardan ibarət komandası U-16 Liqasında iştirak edir. Ona görə də növbəti mövsüm üçün bizdə problem yaşanmayacaq”.
Eldəniz Yusifov (AZAL-ın mətbuat xidmətinin rəhbəri): “Yeni qərarə əsasən klubların qızlar komandası olmalıdı. Bizdə qızlardan ibarət komanda olmayıb. Növbəti ildən bu, məcburidi. Bu sahədə işləyirik, növbəti lisenziyalaşdırma mövsümü başlayanda komandanı formalaşdırmağa başlayacağıq”.
İsgəndər İsgəndərov (“Bakı”nın mətbuat xidmətinin rəhbəri): “Bu barədə bizdə hələ heç bir qərar yoxdu. Çox güman ki, işlər görəcəyik”.
ZAMİN ALLAHVERDİYEV