UEFA İcraiyyə Komitəsinin (İK) ötən ilin sonlarında çıxardığı qərarla U-19 Liqasının qalibi ölkəmizi UEFA Gənclər Liqasında təmsil etmək hüququna sahib çıxacaq. Avropanın ali futbol qurumunun qərarına əsasən, 2015/16 mövsümündən Gənclər Liqası 2 şaxəli olacaq. Çempionlar Liqasındakı 32 komandanın gəncləri bir, daxili çempionatların qalibləri ikinci şaxə üzrə yarışa başlayacaq.
İkinci şaxənin şərtlərinə görə, UEFA əmsallar cədvəlində ilk 32 sırada qərarlaşmış ölkələrin U-19 çempionları Gənclər Liqasına qatılacaq. Azərbaycan əmsallar cədvəlində 29-cu sırada qərarlaşıb. Deməli, növbəti mövsümdən bizim də U-19 çempionumuz da Gənclər Liqasında oynamaq imkanı əldə edəcək.
UEFA reqlamentinə görə, ikinci şaxə üzrə ölkəmizi Gənclər Liqasında təmsil etməyə yaxın “Rəvan” klubunun U-19 komandasıdı. Belə ki, hazırda  Azərbaycanın 1-ci divizionunda iştirak edən “Rəvan” klubunun aşağı yaş komandası  U-19 Liqasında 1-ci pillədə qərarlaşıb. 3 dövrədən ibarət olan çempionatda “aslanlar”ın turniri ilk pillədə bitirəcəyi daha real görünür. Belə olduqda, “Rəvan” növbəti mövsümdən ölkəmizi UEFA Gənclər Liqasında təmsil edə bilər. Azərbaycan 1-ci divizionunda çıxış edən “Rəvan”ın  Çempionlar Liqasında qrupa düşmək imkanı olmasa da, onlar ikinci şaxə üzrə birbaşa yarışa qatılmağa əsas namizəddi.
UEFA-nın hər turnirinin bir qaydası olduğu kimi, Gənclər Liqasınının da öz qaydaları var. Təəssüflər olsun ki, Gənclər Liqasının reqlamenti ilə bağlı AFFA  tərəfindən heç bir məlumat verilməyib. Hətta U-19 Liqasının əsasnaməsində, reqlamentində də bu barədə qeyd yoxdu.
Məsələni araşdırmaq üçün AFFA-nın Mətbuat və İctimaiyyətlə Əlaqələr Şöbəsinin müdiri Mikayıl Nərimanoğlu ilə əlaqə saxladıq: “Lisenziyalaşdırma qrupunun rəhbəri ilə bu barədə söhbətim olub. UEFA reqlamentində konkret olaraq göstərilib ki, Topaz Premyer Liqasında oynayan klubların aşağı yaş komandaları birmənalı şəkildə olmalıdı. Bu məsələ “Rəvan”a aid deyil. “Rəvan”ın U-19 Liqasında iştirakı məcburi deyil. Onlar könüllü iştirak edirlər. Premyer Liqada iştirak edən və UEFA Çempionlar Liqasına düşən klubların U-19 komandası olmalıdı və mütləq yarışda iştirak etməlidi”.
Mikayıl müəllimin sözündən belə çıxdı ki, ümumiyyətlə, “Rəvan” çempionatı ilk pillədə bitirsə belə, UEFA Gənclər Liqasında iştirak edə bilməyəcək.  Deyəsən, Mikayıl müəllim heç Gənclər Liqasının yeni qəbul olunmuş qaydaları ilə tanış deyil. Olsaydı, belə danışmazdı.
Məsələ ilə bağlı qarşı tərəfin də fikrini öyrənmək məqsədi ilə “Rəvan” klubunun U-19 komandasının baş məşqçisi Fizuli Məmmədovla əlaqə yaratdıq. Məmmədov isə əksinə, ortada lisenziya məsələsinin olduğunu bildirərək, turnirdə iştirak etmək istədiklərini vurğuladı: “Kim istəməz ki, o cür turnirdə iştirak etsin. Əlbəttə ki, oynamaq istəyirik. AFFA-nın kriteriyaları var, bu şərtlər yerinə yetirilməlidi ki, UEFA Gənclər Liqasında iştirak hüququ əldə olunsun. Klub rəhbərliyi çalışır ki, lisenziya məsələsini həll etsin. Yəqin ki, rəhbərlik bu barədə hansısa işləri görəcək”.
ZAMİN
Shares: