Azərbaycan Kubokunun ¼ final mərhələsinin cavab oyunları martın 13-də baş tutacaq. Futbolinfo.az xəbər verir ki, maraqla gözlənilən qarşılaşmalardan biri də Şüvəlanda keçiriləcək AZAL – “Neftçi” matçıdı. İlk oyun 0:0 hesabı ilə başa çatdığı üçün hər iki komandanın şansının  bərabər olduğunu düşünmək olar. Saytımıza açıqlama verən “ağ-qaralar”ın baş məşqçisi Arif Əsədov isə kubokun daha çox “Neftçi” üçün vacib olduğu bildirdi: 
“İnter”lə çempionat oyunundan sonra komandaya 1 günlük istirahət verildi. İndi bütün fikrimizi kubok matçına yönəltmişik. “İnter”ə məğlubiyyəti yaddan çıxardıb, AZAL-la oyunu düşünürük. Dünən klubdaxili iclasımızda da bu barədə söhbət aparıldı. Çünki kubok bizə çox vacibdi. Heyətlə bağlı poblemlər yoxdu. Hər şey qaydasındadı. Titul qazanmaq üçün kubok ən real yoldu. Cavab oyununda sonunda növbəti mərhələyə adlamaq üçün çalışmalarımız davam edir. Kubok matçından sonra yaranacaq fasilədə futbolçulara bir az istirahət verəcəyik. Daha sonra bir araya gəlib aprelin 1-dəki oyuna hazırlaşacağıq. Bu müddət ərzində planımızda hazırlıq matçı da keçirmək var. Ancaq hələ ki, rəqibin adı müəyyənləşməyib”.  
Qeyd edək ki, AZAL – “Neftçi” matçı martın 13-də, saat 15:00-da start götürəcək. Onu da xatırladaq ki, “Araz Naxçıvan” Premyer Liqada iştirakını dayandırdığı üçün ”Neftçi” elitanın növbəti turunda istirahət edəcək.
Shares: