AZAL klubunun kapitanı Rəşad Abdullayevin futbolinfo.az saytına müsahibəsi:
 
– Sabah Azərbaycan kubokunun ¼ mərhələsinin cavab qarşılaşmasında AZAL doğma meydanda “Neftçi”ni qəbul edəcək. Bu oyuna hazırlıqlar necə gedir?
–  Bu oyuna ciddi hazırlaşırıq. Bu gün də məşqimizi etdik. Sabah bizim üçün çox vacib oyun olacaq. Kubokda növbəti mərhələyə adlamaq istəyirik. 
– Doğma meydanda “Neftçi”yə qalib gələcəyinizə inam var?
– “Neftçi” güclü rəqibdi. İlk oyunda səfərdə heç-heçə etmişik. Final oyunu kimi çıxıb, doğma meydanda qalib gəlmək istəyirik. Onların da kuboka iddiaları böyükdü. 
– Sabahkı oyunda qalib gəlsəniz, kubokun yarımfinalına daha yaxın olan “İnter”lə qarşılaşmaq ehtimalınız var…
– Bizim üçün əsas hədəf “Neftçi”ni məğlub etməkdi. Yarımfinala yüksəldikdən sonra “İnter”i fikirləşəcəyik. 
– Premyer Liqanın son turunda “Bakı” ilə görüşdə qırmızı vərəqə aldınız. Bu barədə fikirlərinizi bilmək istərdik. Hadisə necə baş verdi?
– Həmin epizodda əzildim, yüngül zədə aldım. Gözlədim ki, oyunçu topu meydandan çıxarsın. Amma oyunu davam etdirdi ona görə əsəbləşdim. Həmişə çalışmışam ki, hisslərimi cilovlayım. Ümumiyyətlə, karyeram boyunca birbaşa qırmızı vərəqə almamışdım. Hakim hərəkətimi təhqir kimi başa düşdü və qırmızı vərəqə verdi.
– AZAL hazırda turnir cədvəlində 6-cı pillədə qərarlaşıb. Komandanın avrokuboklar şansını dəyərləndirərdiniz…
– Çempionatı 4-cü pillədə bitirmək şansımız var. Qarşıda oyunlarımız var. İstədiyimiz nəticəni əldə edə bilsək, niyə də olmasın? Avrokuboklara çıxmaq imkanımızın olduğunu düşünürəm. İlk növbədə kuboku fikirləşirik, ondan sonra diqqətimizi çempionat oyunlarına yönəldəcəyik. 
– AZAL qış fasiləsindən sonra yaxşı təsir bağılasa da, sonrakı turlarda ardıcıl xallar itirildi. Son olaraq isə iddiasız “Bakı” üzərində qələbə qazandınız. Növbəti görüş isə doğma meydanda “Xəzər Lənkəran”a qarşı olacaq. Bu oyundan nə gözləyirsiz?
– “Bakı” iddiasız olsa da, onlara qarşı oynamaq çətindi. Heyətlərinin çoxu gənc futbolçulardı. Onları çətinliklə məğlub etdik. Növbəti matçımız “Xəzər Lənkəran”a qarşı olacaq. Düşünürəm ki, oyun çətin keçəcək. Çünki iddiasız komandalara qarşı oynamaq daha çətindi. Onların itirəcəkləri bir şey yoxdu. Rahat oynayırlar. Udsalar da, uduzsalar da, heç kəs heç nə demir. İddialı rəqibə qarşı oynamaq rahatdı. Çalışacağıq ki, “Xəzər Lənkəran”la oyunda qələbə qazanaq. 
– Son olaraq Premyer Liqada çempionluq şanslarını dəyərləndirərdiniz…
– “İnter” çalışır ki, “Qarabağ”a çatsın. Hər iki komandanın aralarında bir neçə oyun var. “İnter”lə “Neftçi”nin mübarizəsinin sona qədər davam edəcəyini düşünürəm. “Qarabağ”ın çempionluq imkanı daha realdı. İndidən nəsə demək olmaz. Futbol surprizlərlə doludu.
ZAMİN ALLAHVERDİYEV
Shares: